"Bu fikrimi dəyişmirəm, belə də yazarsınız”
“İndi izah edim niyə. Bütün ağıllı adamlar yaxşı adam deyillər axı. Pul nadan adamın əlində fəlakətdir, amma yaxşı adamda pul olanda ehtiyacı olana kömək edir. Eynşteyn ağıllı adam idi. Nüvə silahını, atom bombasını kəşf etdi”
Ən səmimi müsahiblərdən biri – görkəmli yazıçı-dramaturq, şair, çox sevilən şəxsiyyət, xalqın dərdini yazan Seyran Səxavət 80 yaşın astanasındadı. Lap azca qalıb 80-lə salamlaşmağına. Seyran müəllim “Şərq”in sevimli qonağı olub həmişə. Onunla şirin-duzlu, hədəfə dəyən müsahibələr hazırlamışıq. Bu söhbətimiz də bir başqadır.
Qarşımızdakı obası, kəndi işğal altında olan Seyran Səxavət deyil. Torpağın azadlıq ətrini sinəsinə çəkmiş Seyran Səxavətdir. Və bu ətrin, o azadlıq havasının onu daha da gümrahlaşdırdığına söhbət boyunca əmin oldum.
Seyran müəllim həftənin iş günləri Mərdəkandan mərkəzə - Azərbaycan Yazıçılar Birliyinə gəlir. Sərrast baxışlı yazıçı üçün yol mövzudur, bir növ preambuladır. Baxaq, nə görür yolda-izdə Seyran Səxavət.
- Seyran müəllim, bu gün işə gələndə yol boyu nə gördünüz, bəlkə sizi əsəbiləşdirən, bəlkə də sevindirən hallarla qarşılaşmısınız...
- Mən ictimai nəqliyyatdan istifadə edirəm. Bu gün avtobusda yaxşı şeylər görmədim. Adamların çoxu yatırdı. Bir qadın saqqız çeynəyirdi. Qadın niyə saqqız çeynəsin? Bu, pisdi də. Sakitcə əyləşənlər də vardı. Amma həmişə müşahidə edirəm ki, çoxu başını qoyub yatır... Yaşlısı, gənci... Nə olub bu insanlara, bu nəyin yorğunluğudu?.. Eyni vəziyyəti sonra metroda – vaqonda da gördüm. Hər dəfə bunu görürəm və özümə dərd edirəm. Bu nədəndi? Yediyimiz qidadandı, yoxsa aptekdən aldığımız dərmanlardandı?.. Səhər saat 11-di, adamlar niyə bu qədər yorğundular? Baxırsan, gənc adamdı, bunun gözünün qaynayan vaxtıdı, yatan vaxtı yox... Mən Həzrət Əlini çox sevirəm, dindar olmasam da, bilirəm ki, çox güclü şəxsiyyət olub. Həzrət Əli deyib ki, uşaqlar valideynlərindən çox zəmanələrinə oxşayır. Mən ərk edib bir balaca düzəliş edəcəm, uşaqlar yedikləri qidaya oxşayırlar.
- Seyran müəllim, bəlkə ümumən həyatın yorğunluğudu?
- Yox, həyat yorğunluğu olsa, başadüşüləndi. Yorğunluq insanların halal haqqıdı. Yorğunluqdan sonra elə möhtəşəm, elə rahat dincəlmək prosesi başlayır və bu dincəlməyin tamam başqa ləzzəti var. İnsan nə qədər yorğun olsa da, bir qədər dincəldikdən sonra enerjisi özünə qayıtmalıdır. Məncə, insanlardakı bu yorğunluğun səbəbi qidadandır. Qidanın mənbəyi torpaqdı da, eləmi? Biz də torpağın başına çox oyunlar açmışıq. Onu çox zəhərləmişik. Nə tökərsən aşına, o çıxar qaşığına məsəli burda lap yerinə düşür. Torpağa nə vermişiksə, onu bizə qaytarır.
- Seyran müəllim, siz yazda dünyaya gəlmisiniz. Yazda doğulmaq, qışda, ya payızda anadan olmaqdan fərqlənir, nəsə bir üstünlüyü var yazda dünyaya gəlməyin?
– Ən asan iş dünyaya gəlməkdir. Bunda bizim heç bir rolumuz yoxdu da, eləmi?.. Yazda dünyaya gəlmək də bəxti-xudadır. İnsanın öz doğum tarixini seçmək imkanı yoxdu. Düzdü, son vaxtlar hesablayırlar, uşaq filan vaxtda doğulsun. Bu təzə çıxıb... İnsanın nə zaman dünyaya gəldiyi önəmli deyil. Əsas odur ki, insan hansı qanda, hansı nəsildən, hansı tayfadandı, hansı genetik kodun tərkibidir. Hansı qandansan, hansı gendənsənsə, səndə o özünü büruzə verəcək. Amma yaz belədi ki, yenilikdi, təbiətin oyanışıdı, qanın qaynar vaxtıdı. Qaynar vaxtda dünyaya gəlməyin buz kimi havada dünyaya gəlməkdən fərqi olar.
- Füzuli şəhəri işğaldan azad olunanda sizinlə danışmışdıq. Hətta dediniz ki, bu şad xəbəri sizə “7 gün” qəzetinin baş redaktoru olmuş Emin Eminbəyli verdi. İnana bilməzdik ki, bizim bəxtimizə düşəcək, biz torpaqların işğaldan azad olunduğunu görəcəyik... - İcazə ver, sözünü kəsim. Doğrudan inamımızı itirmişdik. Sən də, mən də inanmırdıq. Özümüzü aldadırdıq. Düzdü? İnamımız yox idi. İnam itmişdi. Bəziləri deyir, “biz inanırdıq ki, torpaqlarımız azad olacaq” filan, hər kəs öz adından danışsın. Açıq, səmimi deyirəm, mənim inamım itmişdi. Tanınmamış, amma çox istedadlı şairimiz var, Əşrəf Veysəlli. Onun Qarabağ haqqında şeiri həmin o vəziyyətimizin təsviridi. Gör nə yazıb:
Gözlərim qızarıb yenə qan kimi
Deyəsən, bəxtimin yatan vaxtıdı.
Bu gün Qarabağın Xuraman kimi
Özünü qayadan atan vaxtıdı...
- Hə, çox təsirlidi, Seyran müəllim... Bəs Füzuli işğaldan azad olunduqdan sonra nə vaxt getdiniz ora?
– 2 gün sonra getmişəm. İcra hakimiyyətinə getdim, xahiş elədim məni kəndimə göndərsin. Dedi, mümkün deyil, ərazilər minalıdı, gediş-gəlişə hələ icazə yoxdu. Əsəbi, qanıqara halda pilləkənləri düşürdüm, dostum çıxdı qarşıma. Dedi, gəl, aparım səni kəndə. Kaş getməyəydim!.. Darmadağın, daş-daş üstə qalmayıb, xaraba qoyublar, belə bir vəziyyət. Kəndimizdə göl vardı, Köndələn, onu gördüm, bildim ki, hə, bizim kənddi. Allah saxladı. Dedim məni çıxar burdan... Kəndimiz çox gözəl idi... Bizim kənddən Şuşaya 40 kilometrlik yoldu. Ona Molla Nəsrəddin yolu deyirdilər. Mənim fəlsəfəm budu ki, kim doğulduğu yerə tez-tez gedirsə, o yaxşı adamdı. Bir dostum var, ondan soruşdum, sonuncu dəfə nə vaxt getmisən kəndə, dedi, 15 gün əvvəl. Dedim, çox sağ ol, öpürəm səni. Gərək insan doğulduğu yerə tez-tez getsin. Burda çətin nə var, niyə can çəkirsiz? İnsanın gözünü açdığı yer ilkin Vətəndi. O vətəni sevə-sevə Vətəni sevməyi öyrənirsən.
- Bəs sonuncu dəfə kənddən nə zaman çıxmışdınız, işğal ərəfəsində?
- Bu o vaxt idi ki, kənddə cəmi 1 ailə qalmışdı. Çıxmırdılar. Dostum İlyas Bədəlovla kənddə idik. Sonra da çıxdıq...
- Füzuliyə gedəndə harada qalırsınız, yəni qohumlar, ailə üzvlərinizdən köçüb yaşayanlar var?
– Şükür Allaha, əmim qızı orda yaşayır. Doğma qardaşım, evimizin sonbeşiyi Vaqif orda yaşayır. Qarabağlılar sonbeşiyə yuvadibi deyirlər.
- İlk dəfədi sizdən eşidirəm bu sözü.
- Hə, elə deyirlər. Yəni yurdda qalan. Mamamoğlu Nizami Abdullayev orda yaşayır. Orda kim yaşayırsa, mənim elim-obamdı. Mən ora gedəndə üstümdə qırğın olur, o deyir bizdə qalacaq, bu biri deyir, yox, bizdə qalacaq. Qəşəng evlər tikilib, evin altı qaraj, super şərait yaradılıb. Özbək qardaşlarımızın tikdiyi məktəbin qonağı oldum. Əliboş getməmişdim. Özümlə 1000 ədəd kitab aparmışdım. Dünyanın bəlkə də yarısını gəzmişəm, indiyədək belə məktəb görməmişdim. 45 dəqiqəyə gəzib qurtardıq. Çox gözəl, geniş, çox xoşuma gəldi.
- Yəqin doğma kəndinizdəki ata evini bərpa etməyi düşünürsünüz.
- Bərpa etmək üçün gərək nəsə olsun. Heç nə yoxdu, deyirəm daş-daş üstə qalmayıb.
- Ata ocağının yenidən alovlanması, ata evinizə qayıdıb orda məskən salmaq baxımından deyirəm Seyran müəllim.
- Əlbəttə, kəndimizdə tikinti başlasa, kənd camaatı köçəcək, bizimkilər də.
- Seyran müəllim, təbii ki, insan ömrünün uzunluğunu bilmir, bilə bilməz də. Bu, sirri-xudadır. 80 yaşın lap astanasına gəlib çatmısınız. Uşaqlıq illərinə qayıtmaq istəyirsiniz? Niyə uşaqlıq illəri, deyirəm, mənimlə razılaşacaqsınız bilirəm, çünki nə qədər yaxşı insan olursa-olsun, uşaqlardakı məsumiyyət bir başqadır. Dünyanın ən məsum varlıqları uşaqlardır.
– Elədir. Çox yaxşı dedin bunu. Amma uşaqlığa niyə qayıdım? Mən elə uşaqlığımda qalmışam. Yaşca böyümüşəm, yekəlmişəm. Amma daxildə, ruhən uşaq qalmışam. İndi də içimdə balaca, cıqqılı Seyran var... O insanı ki aldatmaq mümkündü, o yaxşı insandı. Deməli, uşaq məsumiyyətini itirməyib.
-Sizcə, çoxdu belə adamlar?
- Yox, çox deyil. Təəssüf. Mən Musa Yaqubun içindəki uşağı görürdüm. Onun içində də balaca Musa vardı... Yaxşı insan olmaq özü istedaddır.
- Hə də. Yaxşı insanlar çox olsaydı, dünyamız bu vəziyyətdə olmazdı.
- Mənim fikrim belədi ki, dünyanı ağıllı adamlardan qorumaq lazımdı.
- Ağıllı adamlardan?.. Bu ifadəni bəlkə dəyişəsiniz? Bir az ağır gəldi bu söz. Bəlkə məkrli, hiyləgər deyək?
– Yox, dəyişmirəm. Belə də yazarsan. İndi izah edim niyə. Bütün ağıllı adamlar yaxşı adam deyillər axı. Pul nadan adamın əlində fəlakətdir, amma yaxşı adamda pul olanda ehtiyacı olana kömək edir. Eynşteyn ağıllı adam idi. Nüvə silahını, atom bombasını kəşf etdi. Amma yaxşı adam olsaydı, fikirləşərdi ki, onun bu kəşfindən qəddar adamlar istifadə edib faciələr törədəcək. Həmin bomba Xerosimaya, Nakasakiyə atıldı. Ağıllı adam o zaman yaxşıdır ki, korazehin deyil. Dünyanın məhvini yox, xilasını düşünərək addım atır.
- Sizin “Nekroloq” romanında belə cümlə var: dünya Allahın çin olmuş yuxusudur.
- Bəli. Dünyanı Allah yuxuda görüb, gördüyünü yaradıb...
- Sizcə, Allah-təala yaratdığı dünyanın hazırkı vəziyyətindən razıdır?
- ... Sən məni silkələdin... Xeyr, razı deyil. Allah peşmançılıq çəkir, bizi yaratdığına peşman olub. Allah biz insanlara bu cür cənnət-məkan dünya verdi. Nə yoxdu ki burda?! Hər cür gözəlliklər, nemətlər. Biz neylədik? Yer kürəsini ağlar günə qoyduq. Mən sevdiyim, xətrini istədiyim adamlara “səni Allaha əmanət edirəm” deyirəm, çünki Allah əmanətə xəyanət edən deyil. Amma biz əmanətə xəyanət etdik. Əmanətə xəyanət Allaha xəyanətdi. Xəyanət mütləq cəzasını almalıdır. Alacağıq, alırıq da, demək olar. Nə qədər ki çox gec deyil, tövbə etməliyik.
- Ana dilimizi də xəyanətə uğrayanlar sırasına aid edək?
- Edək də sözdü?! Elə ən böyük xəyanət dilimizə edilir. Bir müsahibədə jurnalist mənə dedi ki, yəqin ən böyük probleminiz Qarabağdır. Bu, Qarabağ azad olunmamışdan əvvəl idi. Dedim, yox, Qarabağ problemi 2-ci yerdədi. Birinci yerdə Azərbaycan dilinin reanimasiyada olmasıdır. Dilimiz əzilib-büzülən, ənlik-kirşanlı, dodağı silikonlu dilə çevrilib artıq. Bunu da Azərbaycan televiziyaları zorla bizə sırıyırlar, xirtdəyimizə tökürlər. Mən 20 ildir bunu deyirəm, heç kəsin vecinə deyil. Azərbaycan Yazıçılar Birliyi, Mətbuat Şurası, Akademiyanın Ədəbiyyat, Dilçilik institutları, Monitorinq şöbəsi, Milli Məclisin Mədəniyyət komitəsi... görün nə qədər qurum adı saydım, təşəbbüs irəli sürdüm ki, monitorinq aparılsın televiziyalarda ədəbi dil normaları ilə bağlı. İzlədim verilişləri. İnan ki, bilirəm, inanacaqsan, 30 min pozuntu faktı aşkarladım. Bu bilirsən nə deməkdi? Torpağa basdırılmış tank əleyhinə minalardır! Həmişə deyirəm, cümlə qurmaq dövlət qurmaq qədər çətindi. Dili qoruyan ilk növbədə xalqdır. Amma görürəm ki, xalq başlayıb televiziya dilində danışmağa. Biri danışır efirdə, belə deyir: “Telefonuma zəng daxil oldu”. A kişi, adam içəri daxil olar, otağa daxil olar, zəng necə daxil ola bilər?! Sonra deyir: məlumat verdilər ki, sizin ananız filan yolun filan kilometrində avtomobil qəzasında iştirak edib (!). Məgər qəzada könüllü iştirak edirlər? Sonra da deyir, anama baxış keçirildi (!). Ay sənin... Biri də deyir, “qurd qoyunlara xəsarət yetirib”.
(Seyran müəllim danışdıqca məni gülmək tutmuşdu. Xəttin o biri başında o da bunu eşitdi. Hərçənd, gülməli deyil, ağlamalı vəziyyət idi, amma görkəmli yazıçımız ağlamaq əvəzinə gülməyin səbəbini izah etdi)
– Belədi e, Məliş... Adam ağlaya bilməyəndə gülməyə başlayır. Qarabağda belə hadisə olmuşdu. Bir oğlan anasının qəbri üstündə ağlamaq əvəzinə başladı gülməyə. Təəccüb edənlər, “buna nə olub, ağlı çaşıb” dedilər. Amma yox, ağlı çaşmamışdı. Ağlaya bilmirdi deyə, ağlamaq gülüşə keçmişdi. Şair dostumuz Zakir Fəxrinin bir şeiri var, icazə ver, söyləyim.
– Buyurun, Seyran müəllim.
– O ağlayan kimdi elə?
Ağlaya-ağlaya gülür?
Sinəsini qan aparır,
Yarasının düyməsini bağlaya-bağlaya gülür...
Ocağı kül, közü gülən...
İçi yanıb, üzü gülən,
Göz yaşında gözü gülən
O ağlayan kimdi elə?..
Bu, Azərbaycan dilinin üstündə ağıdır. Bunda da günahın 95 faizi televiziyalarındır. Qalan 5 faizin içində media, seriallar, dublyaj olunan filmlər... Bir dəfə kəndə getmişdim, tələbə vaxtlarım idi, dostlarımı aparmışdım. Toy olacaqdı, hazırlıq görülürdü. Dostlarımla əyləşmişdik, bizdən bir az aralıda mamam idi (bibim), başqa qohum qadınlar, danışırdılar, bir qadın da vardı, istəyirdi nəsə deyə, o birilər qayıdırdı ki, aaz, sən yum! Bir az keçirdi, bu qadın yenə istəyirdi nəsə desin, ağzını açmaq istəyəndə, yenə deyirdilər, aaz, sən yum. Axırı, Mədinə mamam dözmədi, qayıtdı ki, ay diliniz yansın, qoyun qız sözünü desin də, söz ağzında iyləndi!.. Dəhşətli ifadədi. Necə yəni, söz ağızda iyləndi? Sözün də iyi olur? Olurmuş. Bu sözü kim “kəşf edə bilərdi”? Hansı akademik, hansı alim? Əsl akademik mənim Mədinə mamam idi. O adam dilin qədrini bilər, kim ki sözün iyini bilir. Biz qədim xalqıq, güclü xalqıq, amma şansı olmayan xalqıq. Prezidentin Akademiyadakı çıxışından sonra başladılar konfranslar, “dəyirmi masa”lar keçirməyə. Niyə? Gərək hər məsələni Prezident yada salsın? Xarici düşmənlərlə də Prezident döyüşsün, daxildə dili də Prezident qorusun? Bəs bu alimlər, akademiklər nə işlə məşğuldur? O gün bir tədbirə çağırmışdılar, akademik görün nə dedi; biz dilimizi daxili imkanlar hesabına inkişaf etdirməliyik. Elə bil dil mənzil-tikinti kontorudu, kommunal idarədi, öz hesabına ev tikəcək. Bunu eşitdim, durdum çıxdım ordan.
- Seyran müəllim, görkəmli şəxslərin sizin haqqınızda dediklərini oxudum. Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı... bir qeydi oxuyanda təxmin etdim ki, bu sözlər xalq artisti, mərhum Fuad Poladova məxsus olacaq. Nədən bu qənaətə gəldim? Yazılmışdı ki, Seyran Səxavət haqsızlığa, çətinliyə kişi kimi sinə gərən adamdı... Sonda imzaya baxanda bildim yanılmamışam.
– Çünki Fuad özü də kişi adam idi...
- Dost seçimində kriteriyanız nə olub? Yaxşı dostlarınız var, həmişə onlardan danışırsınız, xatırlayırsınız, ona görə soruşuram.
- Heç vaxt kriteriya müəyyən etməmişəm. Dostlaşmaq sadə bir işdir. Çünki insan nə qədər seçsə də, seçməyə çalışsa da, özünə oxşayanları sevir, qəbul edir. Əsl dostluqdan danışırıq da. Məqsədli, yalançı dostluqlardan yox. İnsan özünə oxşayanla, xasiyyətinin tutduğu insanlarla yaxınlaşır, dostlaşır, doğmalaşır. Bu, bir az da eqoizmdir. Amma yaxşı eqoizmdir. Bəraəti özündən böyük olan eqoizmdi. Düz deyirsən, mənim çox yaxşı dostlarım olub, indi də var. Onların arasında ölkə miqyasında tanınanı da var, tanınmayanı, sadə insanlar da. Dostlarım deyir ki, Seyran “Miçurin”di. Adamları bir-birinə calayır. Həqiqətən də, dostlarımı bir-biriylə də dostlaşdırıram. Bir məclisdə, hardasa olanda, başlayırlar bir-birilə danışmağa, söhbətə, mən qalıram kənarda. Məndə belə alınıb. Bu, bəxti-xudadır. Allah baxıb ki, pis uşaq deyiləm, mənə yaxşı dostlar nəsib edib. Mən dostlarımı, adamları sevə-sevə Seyran Səxavət oldum.
- Və Seyran Səxavət 80 illik yubileyini qeyd etməyə hazırlaşır. Hazırlaşırmı?
- Hələ heç bir qərara gəlməmişəm yubiley barədə. Soruşurlar, gözləntiniz varmı? İnsanın ən böyük silahı səmimiyyətdir. Cavab verirəm, yox. Heç bir gözləntim yoxdu. Mənim ölkə başçısından, cənab Prezidentdən bir gözləntim vardı, onu da verdi. Mənə torpağımızı, valideynlərimin məzarını qaytardı. Mən onun xətrini çox istəyirdim, amma torpaqlarımız azad edildikdən sonra daha da çox istədim. Bundan sonra nə versə, bu verdiyindən daha yaxşısı olmayacaq. Bundan sonra mənə nə lazımdı ki?!. 80 yaşına çatmışam. Bir 15-20 il əvvəl nəsə bir təltif olsaydı, qürrələnərdim. Qürrələnmək yaşım daha keçib. Ümumiyyətlə, mən çox az şey istəyən adamam. 79 il, 11 ay, 24 gündür Yer üzündəyəm. Ən kiçik bir hadisəyə sevinə bilən adamam. Başqasına adi, əhəmiyyətsiz görünən hadisə məni ürəkdən sevindirə bilər. Məsələn, evdə yuyunursan, birdən su kəsilir, bur az keçir, su verilir, sevinirəm. İşıqlar sönür, təkrar yananda sevinirəm. Mən realistəm. Əlimlə toxuna bildiyim şeyləri sevirəm. Ən böyük xoşbəxtlik azadlıq, sərbəstlikdir. Buna nail olursansa, çox rahatsan.
Söhbətləşdi, Məlahət Rzayeva