“Türkiyənin ən perspektivli nöqtəsi buradır” - Müsahibə

Emin Qədimli: “İzmir təkcə yaşamaq üçün yox, böyük biznes üçün ideal şəhərdir”

“Texnologiya, investisiya və daşınmaz əmlak bir nöqtədə birləşir” 

Qardaş Türkiyə Azərbaycanın strateji tərəfdaşı, iqtisadi-ticari əlaqələrimizin ən yüksək səviyyədə olduğu ölkədir. Türkiyə eyni zamanda iş dünyası, karyera pilləsində yüksəlmək, modern texnologiyaların geniş müstəvidə trətbiq edildiyi ölkədir. Bu da müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübəyə malik insanlar üçün fəaliyyətlərini genişləndirməyə şərait yaradır. Qardaş ölkənin investisiya mühitində çalışmaq istəyən soydaşlarımız çoxdur. Onlardan biri də Emin Qədimlidir. O, Bakıda anadan olub. 

2015-ci ildə Moskva Dövlət Universitetinin Kompüter Elmləri və Tətbiqi Riyaziyyat fakültəsində təhsilə başlayıb. 2024-cü ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib.

2024-cü ildən etibarən İstanbul Gedik Universitetinin Menecment fakültəsində magistratura təhsili alır.

Hazırda Türkiyənin İzmir şəhərində yaşayır. Həyatına və iş fəaliyyərinə bu şəhərdə davam etmək niyyətindədir. Emin Qədimli texnologiya, sahibkarlıq və investisiya sahələrində uzunmüddətli təcrübəyə malik peşəkardır. İzmirə köçməkdə məqsədi buranın iş dünyasına qatılmaq, yeni imkanlar əldə etməkdir.

 Müsahibəsində o, İzmir və Egey bölgəsinin perspektivlərini, investorlarla əməkdaşlıq imkanlarını və uzunmüddətli layihələr üzrə planlarını bizimlə bölüşdü: 

- Emin bəy, niyə məhz İzmiri seçdiniz? 

- İzmirə köçmək qərarını düşünülmüş və strateji şəkildə verdim. Son illər Türkiyənin inkişafını yaxından izləyirdim və məhz İzmir şəhəri nadir balansı ilə diqqətimi çəkdi. Burada yaşayış rahatlığı, formalaşmış biznes mühiti və uzunmüddətli layihələr üçün ciddi potensial mövcuddur. Burada keçirdiyim ilk aylar məni tam əmin etdi ki, Egey bölgəsi dayanıqlı iqtisadi bazaya, beynəlxalq əməkdaşlığa açıqlığa və yüksək insan kapitalına malikdir. 

- Fəaliyyət sahəniz nədən ibarətdir, İzmirdə nələri planlaşdırırsınız?  

- Peşəkar fəaliyyətim texnologiya və proqramlaşdırma sahəsindən başlayıb. Uzun müddət developer kimi çalışmışam, paralel olaraq öz startaplarımı və şirkətlərimi qurub inkişaf etdirmişəm. Bu təcrübə mənə məhsulun sıfırdan yaradılması, komanda formalaşdırılması, idarəetmə qərarlarının verilməsi və layihələrin real bazar şəraitində miqyaslandırılması ilə bağlı praktik bilik qazandırıb. Zamanla fəaliyyətimin fokus nöqtəsi strategiya, investisiya və layihələrin inkişafı istiqamətinə yönəldi. Öz təşəbbüslərim və tərəfdaş layihələr üzərində işləyərkən investisiya cəlbediciliyinin qiymətləndirilməsi, biznes modellərinin dayanıqlığı və ərazi inkişafı mövzuları ilə daha sıx təmasda oldum, o cümlədən daşınmaz əmlak sahəsində. İzmirdə bu çoxşaxəli təcrübəni - texnoloji, sahibkarlıq və investisiya biliklərini uzunmüddətli fəaliyyət üçün tətbiq etməyi planlaşdırıram. Prioritetlərim biznes əlaqələrinin qurulması, investisiya və sahibkarlıq layihələrində iştirak, eləcə də Egey bölgəsinin iqtisadi inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsidir. 

- Egey bölgəsinin üstünlüyü nədədir? 

- Sizə deyim ki, Egey bölgəsi bu gün Türkiyənin ən perspektivli inkişaf nöqtələrindən biridir. Burada sənaye, logistika, aqrar sektor, turizm, texnologiya və daşınmaz əmlak bir-birini tamamlayır. Regionun inkişaf yanaşması meqapolislərlə müqayisədə daha balanslı və dayanıqlıdır. Bu, investorlar üçün daha proqnozlaşdırılan risklər və uzunmüddətli investisiya imkanları, sahibkarlar üçün isə infrastruktur, ixtisaslı kadrlar və beynəlxalq bazarlara çıxış deməkdir. 

-Yəqin xarici investorlarla da işləməyi planlaşdırırsınız? 

- Bəli, şübhəsiz. Fəaliyyətimin əsas istiqamətlərindən biri beynəlxalq investorlarla Türkiyə bazarı arasında körpülərin qurulmasıdır. Bir çox xarici sahibkar Türkiyə ilə maraqlanır, lakin strukturlaşdırılmış məlumat və etibarlı yerli tərəfdaş çatışmazlığı ilə üzləşir. Mənim məqsədim tərəflər arasında şəffaf, aydın və peşəkar dialoqu qurmaq, hər iki tərəfin maraqlarının balansını təmin etməkdir. 

- İzmirdən elə heyranlıqla bəhs edirsiniz ki, belə anlaşılır bu şəhəri təkcə iş həyatı üçün deyil, uzunmüddətli yaşayış məkanı olaraq da seçmisiniz. 

- Mənim üçün bu, hər iki amilin vəhdətidir. İzmir yaşayış üçün çox rahat şəhərdir - mədəniyyəti, iqlimi, ritmi və insanları ilə. Eyni zamanda bu şəhər peşəkar təşəbbüslərin həyata keçirilməsi üçün strateji platformadır. Bu tip şəhərlər bu gün dayanıqlı inkişafın mərkəzinə çevrilir, burada biznes həyat keyfiyyəti ilə ziddiyyət təşkil etmir, əksinə onu tamamlayır. 

-Yaxın zamanlarda hansı planlarınızı həyatı keçirməyi düşünürsünüz?

- İlkin olaraq işgüzar görüşlərdə, sahəvi tədbirlərdə və özəl sektorla birgə layihələrdə aktiv iştirak etməyi planlaşdırıram. Hazırda mənim üçün əsas məqsəd yerli spesifikanı dərindən anlamaq, peşəkar əlaqələri möhkəmləndirmək və region üçün uzunmüddətli fayda yaradacaq əməkdaşlıq formatlarını tapmaqdır. Dialoqa, təcrübə mübadiləsinə və yeni tərəfdaşlıqlara açığam.

-Sizə uğurlar diləyirik. İnanırıq ki malik olduğunuz təcrübə və ən əsası da məqsədyönlüyünüz sayəsində iş dünyasında layiqli yerinizi tutacaqsınız. 

-Çox sağ olun.