Professor: Qarabağ Azərbaycanın iqtisadi gücünün yeni mərkəzinə çevrilir

Kamilə Əliyeva: Böyük Qayıdışın arxasında Azərbaycanın iqtisadi gücü dayanır

"Prezident cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII-ci Qurultayındakı geniş çıxışında ölkəmizin istər siyasi, istərsə də iqtisadi cəhətdən güclü bir dövlətə çevrildiyini xüsusi vurğuladı. Bu gün Azərbaycan dünyada çox az saylı ölkələrdəndir ki, heç bir dövlətdən asılı olmayan müstəqil iqtisadi siyasət həyata keçirir". 

Bu sözləri Sherg.az-a açıqlamasında  Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva deyib. 

Professor qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri ölkənin iqtisadi gücünün və dayanıqlı inkişafının göstəricisidir:

“Ölkə başçımızın da qeyd etdiyi kimi, bu gün azad edilmiş şəhər və kəndlərimizin heç bir xarici yardıma ehtiyac olmadan, Azərbaycanın öz imkanları hesabına yenidən qurulması dövlətimizin iqtisadi gücünün nəticəsidir. Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma və bərpa işlərinə 28 milyard manat vəsait ayrılıb. Artıq işğaldan azad edilmiş ərazilərimizdə 96 mindən çox vətəndaşımız yaşayır, işləyir və təhsil alırlar. 48 yaşayış məntəqəsində soydaşlarımız öz doğma yurdlarında məskunlaşıb. Prezident cənab İlham Əliyev çıxışında quruculuq işlərinin daha da sürətləndiriləcəyini diqqətə çatdırdı. Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramı (2022-2026) uğurla davam etdirilir. Müasir yol-nəqliyyat infrastrukturu yaradılmışdı. Qarabağ və Şərqi Zəngəzurun bütün şəhər və kəndlərini birləşdirən avtomobil yolları salınıb, Zəfər yolu olan Əhmədbəyli - Füzuli - Şuşa, Horadiz - Ağbənd və digər avtomobil yolları dünya standartlarına uyğun inşa edilib ki, bu da regionun iqtisadi inkişafına böyük töhfələr verməkdədir. Dağılıq ərazilərdə ümumi uzunluğu 12 km olan tunellərin çəkilməsi unikallığı ilə tanınır. Qısa zaman ərzində Füzuli, Zəngilan və Laçın hava limanlarının tikilib istifadəyə verilməsi ölkəmizlə yanaşı Orta Dəhlizin bir hissəsi olaraq Avrasiya məkanı üçün də olduqca önəmlidir. Dəmiryolu infrastrukturu da tamamilə yenilənməkdədir. Tezliklə Bakı - Xankəndi dəmiryolu istifadəyə veriləcək ki, bu da öz növbəsində vətəndaşlarımızın, eləcə də xarici turistlərin Qarabağa səfərlərini daha da asanlaşdıracaq, o cümlədən bölgənin iqtisadiyyatının dirçəlməsinə böyük töhfə verəcək". 

K. Əliyevanın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi ölkəmizin yaşıl enerji siyasətinin başlanğıcı kimi qiymətləndirilir:

" Bu gün Azərbaycanda bərpa olunan iri miqyaslı enerji layihələri reallaşdırılır. Ölkəmizdə külək və günəşlə işləyən böyük elektrik enerji stansiyaları tikilib. İşğaldan azad olunmuş torpaqlarımıza köçürülən sakinlərimiz ən müasir fərdi evlər və binalara köçürülür və bu işlər sürətlə davam etdirilir. Öz doğma evlərinə qayıdan soydaşlarımızın bütün sosial - məişət məsələləri tamamilə həll edilib. Ən müasir tipli məktəblər, xəstəxanalar tikilib istifadəyə verilib. Sakinlərin işlə təmin olunması üçün yeni emal və istehsal müəssisələri yaradılmış, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün insanlarımıza əlverişli şərait yaradılmışdır. Sənaye və Aqro Parkların yaradılması bölgənin iqtisadi inkişafının sürətlənməsində olduqca mühüm rol oynayacaq. Prezident cənab İlham Əliyevin təsdiqlədiyi Baş Plana uyğun qurulan şəhərlərimiz dünya şəhərsalma modelinin ən müasir formasında inşa edilir. Ölkə başçımızın bütün yaşayış evlərinin, sosial obyektlərin və yeni müəssisələrin açılışında şəxsən özünün iştirak etməsi onu deməyə əsas verir ki, Prezidentimiz görülən işlərə böyük diqqət ayırır. Xankəndində Qarabağ Universitetinin yaradılması bölgə ilə yanaşı respublikamızın elm və təhsil sahəsinə böyük töhfə verəcək. Universitet yaxın vaxtlarda dünyanın aparıcı ali təhsil müəssisələrinin birinə çevriləcək. Bu gün bütün xalqımız hər zaman olduğu kimi Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün Prezidentimizin ətrafında sıx birləşib. Ölkəmizin hər bir şəhər və rayonundan gələn vətəndaşlarımız bu quruculuq işlərində fəal iştirak edir. 2026-ci ilin sonuna qədər 140 min soydaşımızın öz doğma evlərinə dönməsi planlaşdırılır. Çox yaxın zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycan iqtisadiyyatının yüksəlməsində olduqca önəmli bir yer tutacaq. Prezident cənab İlham Əliyevin Qurultayda söylədikləri fikirlər bir daha sübut etdi ki, Yeni Azərbaycan Partiyası xalqımızın, dövlətimizin inkişafı və tərəqqisi naminə böyük zirvələrə doğru irəliləyəcək".