Ermənistanın “Qraparak” qəzeti iddia edir ki, seçkiqabağı dövrdə siyasətdən kənarda qalmalı olan ordu hakim “Vətəndaş Müqaviləsi” Partiyasının maraqları üçün istifadə edilib, Müdafiə Nazirliyi isə faktiki olaraq siyasi proseslərə cəlb olunub.
Sherg.az xəbər verir ki, nəşrin yazdığına görə, müdafiə naziri Suren Papikyan seçki təşviqatında fəal iştirak etsə də, onun doğulduğu Stepanavan şəhərində hakim partiya ən zəif nəticələrindən birini göstərib.
Qəzetin iddiasına əsasən, 25 günlük hərbi təlim toplanışları xaricdən Ermənistana gələn vətəndaşlara, eləcə də müxalifət nümayəndələrinə siyasi təzyiq vasitəsi kimi istifadə olunub.
Bundan başqa, səsvermə günü hərbçilərin komandirlərin nəzarəti altında kütləvi şəkildə seçki məntəqələrinə aparıldığı, bunun hətta rəsmi səsvermə başa çatdıqdan sonra da davam etdiyi bildirilir.
Nəşr həmçinin yazır ki, seçkilərdən sonra bir hərbi hissədə səsvermənin nəticələri ilə bağlı yoxlama başlanıb. İddiaya görə, hərbi rəhbərlik hakimiyyəti qane etməyən nəticələrin hansı bölmədə qeydə alındığını araşdırır. Bu prosesdə İkinci Ordu Korpusunun komandanı, general Qaregin Poqosyanın xüsusi fəallıq göstərdiyi qeyd olunur.
“Qraparak” həmçinin müdafiə naziri Suren Papikyanın “Çiçəklənən Ermənistan” Partiyasının üzvü olan Stepanavan sakininin iki hərbçi oğlunun ordudan çıxarılması barədə qanunsuz əmr imzaladığını iddia edir.
Ermənistan Müdafiə Nazirliyi isə nəşrdə yer alan iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.