Uşaqlarda keçməyən qızdırma, uzunmüddətli halsızlıq və səbəbsiz yaranan göyərmələr bəzən adi infeksiya kimi qiymətləndirilir. Lakin bu əlamətlər leykozdan da xəbər verir.
Sherg.az xəbər verir ki, uşaqlıq dövrü xərçənglərinin təxminən üçdə birini təşkil edən leykoz daha çox ilk 5 yaşda müşahidə olunur.
Uşaq hematologiyası və onkologiyası üzrə mütəxəssis professor Savaş Kansoy bildirib ki, təkrarlanan infeksiyalar, keçməyən qızdırma, limfa düyünlərinin şişməsi, səbəbsiz göyərmələr, qanazlığı, qaraciyər və dalağın böyüməsi leykoza işarə edə biləcək əlamətlər sırasındadır.
Mütəxəssis vurğulayıb ki, bu simptomlar müxtəlif xəstəliklər zamanı da müşahidə oluna bilər və yalnız əlamətlərə əsasən leykoz diaqnozu qoymaq mümkün deyil. Lakin şikayətlər uzun müddət davam edərsə və ya bir neçə simptom eyni vaxtda ortaya çıxarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Leykozun müəyyənləşdirilməsi üçün qan analizi, periferik yaxma və zərurət olduqda sümük iliyi müayinəsi aparılır. Müalicə xəstəliyin növündən asılı olaraq dəyişir və kimyaterapiya, bəzi hallarda isə kök hüceyrə transplantasiyasını əhatə edir.