Gürcüstan və Ermənistan strateji tərəfdaşlığın dərinləşdirilməsini müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Sherg.az xəbər verir ki, görüş sentyabrın 14-də Arpine Sarkisyanın Tbilisiyə işgüzar səfəri çərçivəsində keçirilib.

Görüşdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bildirilib ki, Ermənistan və Gürcüstan daxili işlər nazirlikləri arasında imzalanmış cinayətkarlıqla mübarizə haqqında saziş tərəfdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün əsas yaradıb.

Tərəflər narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və digər cinayət növlərinə qarşı mübarizə üzrə birgə proqramlara da toxunublar.

Görüş zamanı regionda yaranmış vəziyyət də müzakirə olunub.

İrakli Kobaxidze Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsini qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Görüşdə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazashvili, hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani və Ermənistanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyan da iştirak ediblər.