Paşinyan vəd verdi: Tarixi Kond məhəlləsi sakinlər köçürülmədən bərpa olunacaq

Ermənistan hökuməti İrəvanın mərkəzində yerləşən tarixi Kond məhəlləsinin abadlaşdırılmasını planlaşdırır.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məhəllə sakinləri ilə görüşündə bildirib.

Paşinyanın sözlərinə görə, layihə çərçivəsində sakinlər evlərindən çıxarılmayacaq və mülkiyyət hüquqları qorunacaq. Hökumət tarixi tikililəri sökmək və ya sakinlərin əmlakını əlindən almaq niyyətində deyil. Evlərin dövlətə satılması isə yalnız mülkiyyətçilərin öz istəklərindən asılı olacaq.

Baş nazir qeyd edib ki, XIX əsrin ortaları və XX əsrin əvvəllərinə aid çoxsaylı binaların yerləşdiyi Kond hazırda baxımsız vəziyyətdə olsa da, onların tarixi siması qorunacaq. Ev sahibləri istədikləri halda tikililəri öz vəsaitləri hesabına bərpa edə biləcəklər. Lakin bu işlər aidiyyəti dövlət qurumları ilə razılaşdırılmalıdır, çünki binaların bir qismi tarixi abidə statusuna malikdir.

Paşinyan vurğulayıb ki, bəzi sakinlər artıq köhnə üslubda kafe və kiçik restoranlar açaraq fəaliyyət göstərirlər. Onun fikrincə, bütün məhəllə bərpa olunarsa, daşınmaz əmlakın dəyəri artacaq və turizm sektoru ilə yanaşı yerli biznes də inkişaf edəcək.

Baş nazir əlavə edib ki, hökumət küçələrin, kanalizasiya sisteminin və küçə işıqlandırmasının yenilənməsini həyata keçirəcək. Bundan sonra sakinlər biznes fəaliyyətini genişləndirə və ya öz mülklərinə investor cəlb edə biləcəklər.

Məlumata görə, İrəvan Meriyası və Şəhərsalma Komitəsi tarixi memarlıq üslubunu qorumaq şərti ilə məhəllənin mərhələli inkişaf və bərpa planını hazırlayacaq.

Qeyd edək ki, Kond İrəvanın ən qədim yaşayış məhəllələrindən biri hesab olunur. Tarixi tikililərin bir hissəsi son illərdə sökülsə də, ərazi şəhərin qədim memarlıq irsinin mühüm nümunələrindən biri kimi qiymətləndirilir.