Azərbaycan və Ukrayna prezidentləri enerji tərəfdaşlığını müzakirə edib

Azərbaycan və Ukrayna prezidentləri enerji tərəfdaşlığını müzakirə edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında Prezident İlham Əliyevlə görüşü barədə paylaşımında bildirib.

Zelenski görüşdə enerji dəstəyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Onu enerji sistemində ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturumuza zərbələrinin nəticələri ilə bağlı məlumatlandırdım. Son enerji dəstək paketinə görə minnətdaram. Biz ikitərəfli əlaqələrdə olan inkişaf və Azərbaycanın marağında olan enerji layihələrinin icrası barədə fikir mübadiləsi apardıq. Biz həm də sülhə nail olmaq məqsədi daşıyan danışıqlar prosesinə də diqqət ayırdıq”,- Zelenski qeyd edib.

O, Ukraynanın sülhə nail olmağa yönəlmiş səyləri dəstəklədiyini vurğulayıb.

"Ukrayna həmişə konstruktiv olaraq ləyaqətli sülhə nail olmağa yönəlmiş səyləri dəstəkləyir. Müharibənin davam etməsinin yeganə səbəbi Rusiyanın onu dayandırmaq istəməməsidir", - Zelenski əlavə edib.