Bursanın İnegöl rayonunda hamiləliyin 37-ci həftəsində qeysəriyyə yolu ilə dünyaya gələn körpə, 2024–2025-ci il monitorinqlərində Türkiyənin ən uzun və ən ağır çəkili körpəsi kimi qeydə alınıb. “Ali Atilla” adı verilən körpənin çəkisi 6 kilo 150 qram, boyu isə 59 santimetr olaraq ölçülüb.
Sherg.az xəbər verir ki, Ece Bircan (28) hamiləliyinin son həftələrinə yaxın aparılan müayinədə körpəsinin artıq çəkili doğulacağını öyrənib. Vəkil həyat yoldaşı Murat Tunç Bircan (32) ilə birlikdə təxminən 5 kiloqram çəkidə doğulacağını gözlədikləri övladları hamiləliyin 37-ci həftəsində 6 kilo 150 qram çəkidə dünyaya gələndə cütlük böyük təəccüb yaşayıb.
Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn və həkimlə komandasının doğuş zamanı xüsusi həssaslıq göstərdiyi körpəyə “Ali Atilla” adı verilib. Ali Atilla həm normal göstəricidən təxminən 2 kilo artıq çəkisi, həm də 59 santimetrlik boyu ilə doğum qeydlərinə düşüb. Körpənin ilk müayinəsində isə üzərindəki geyimlərlə birlikdə çəkisinin 6 kilo 220 qram olduğu müəyyən edilib.
Doğuşdan sonra aparılan yoxlamalarda ana və körpənin sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirən mütəxəssis həkim Yaşa deyib:
“Körpə Bircan mənim nəzarətimdə idi. Bir neçə gün əvvəl doğuş baş tutdu. Müşahidə prosesi çətin idi. Körpə çox sürətlə çəki alırdı. 6 kilo 150 qram çəkidə oğlan uşağı dünyaya gətirdik. 2024–2025-ci il monitorinqlərində Türkiyədə ən böyük körpədir. Keçən il İspaniyada 6 kiloqramlıq körpə Avropada gündəm olmuşdu. Bir neçə ay əvvəl isə ölkənin şərqində 5 kilo 250 qram çəkidə doğulan körpə böyük rezonans doğurmuşdu. Bizim körpə eyni zamanda 37 həftəlik idi. Ədəbiyyata düşməyə namizəd bir körpədir. Ananı bir-iki gün xəstəxanada saxladıq. Ağrılar artmağa başladığı üçün normal doğum müddətindən 3 həftə əvvəl olsa da, qeysəriyyə əməliyyatı etməyə qərar verdik.”
Ata Murat Tunç Bircan körpələrinin sağlam şəkildə dünyaya gəlməsində əməyi olan həkim və tibb işçilərinə təşəkkür edib. Ana Ece Bircan isə bildirib:
“Əslində biz gözləyirdik, çünki ultrasəs müayinələrində hər həftə, hər ay çəkisinin artıq olduğu görünürdü. İbrahim həkim deyirdi, amma biz 5 kilo civarında gözləyərkən birdən 6 kilo 150 qram doğulması bizi də təəccübləndirdi. Şükür ki, sağlamdır. İnşallah belə də davam edər.”