99 yaşlı pasiyentin hər iki gözündə katarakta əməliyyatı icra olunub. SAF Hospitalın cərrah-oftalmoloqu DR. Leyda Kazımova əməliyyatın təfərrüatları barədə STV-yə danışıb.
Həkim bildirib ki, yanaşı xəstəliklərin də olmağına baxmayaraq əməliyyat uğurlu keçib.
Hazırda 1928-ci təvəllüdlü Cərbrayılov Əsədağa Əsəd oğlunun görmə qabiliyyəti bərpa edilib və əməliyyatdan sonra səhhəti qənaətbəxşdir.
Xatırladaq ki, qocalıq kataraktası – göz büllurunun yaşla əlaqədar tədricən bulanıqlaşması ilə xarakterizə olunan xəstəlikdir.
Əsasən 50 yaşdan sonra meydana çıxır və səbəbi büllur zülallarının strukturunun dəyişməsi, oksidləşmə proseslərinin artması və maddələr mübadiləsinin zəifləməsidir. Nəticədə görmə bulanıqlaşır, rənglərin seçilməsi çətinləşir, işığa qarşı həssaslıq artır və gecə görməsi zəifləyir. İlkin mərhələdə eynək kömək etsə də, proses irəlilədikcə effektiv olmur.
Bu halda ən təsirli müalicə üsulu cərrahi əməliyyatdır.
Əməliyyat zamanı bulanıqlaşmış büllur çıxarılır və yerinə süni göz daxili linza yerləşdirilir, beləliklə görmə bərpa olunur.