ABŞ-də ağrıkəsici dərman böhranı: Yüz minlərlə insanın ölümünə...

ABŞ-də fəaliyyət göstərən Purdue Pharma şirkətinin istehsal etdiyi OxyContin adlı ağrıkəsici preparatın yaratdığı opioid böhranı son onilliklərin ən ağır ictimai sağlamlıq problemlərindən biri kimi qiymətləndirilir.

Sherg.az xəbər verir ki, şirkət 1996-cı ildə bazara çıxardığı preparatın asılılıq yaratmadığını iddia edərək onun geniş şəkildə təyin olunmasını təşviq edib. Nəticədə minlərlə həkim tərəfindən yazılan dərman zamanla yüz minlərlə insanın opioid asılılığına sürüklənməsinə səbəb olub.

Məlumata görə, resept müddəti başa çatdıqdan sonra dərmana çıxışı məhdudlaşan bir çox insan qeyri-qanuni narkotik vasitələrə üz tutub. Doza həddinin aşılması və narkotik maddələrdən istifadə nəticəsində həyatını itirənlərin sayının 600 minə çatdığı bildirilir.

Uzun illər davam edən məhkəmə proseslərindən sonra şirkət məsuliyyətə cəlb olunaraq milyonlarla dollar məbləğində cərimələr və kompensasiyalar ödəməyə razılaşıb. Bu hadisə dərman sənayesində etik məsuliyyət, marketinq siyasəti və ictimai sağlamlığın qorunması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.