ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard keçmiş səhiyyə rəsmisi Entoni Fauçini koronavirus araşdırmalarının maliyyələşdirilməsi barədə məlumatları gizlətməyə çalışmaqda ittiham edib.
Sherg.az xəbər verir ki, Qabbardın sözlərinə görə, Fauçi pandemiyadan əvvəl ABŞ vergi ödəyicilərinin vəsaiti hesabına yarasalar üzərində koronavirus tədqiqatlarını, o cümlədən Uhan Virusologiya İnstitutunda aparılan işləri maliyyələşdirib.
O bildirib ki, hazırda bəzi dairələr həmin araşdırmaları pandemiyaya səbəb olmuş mümkün laboratoriya sızmasının mənbəyi hesab edir. Qabbard həmçinin yayımlanmış yazışma və sənədlərin Fauçinin maliyyələşdirmə detalları və virusun mənşəyi ilə bağlı məlumatları gizlətməyə çalışdığını göstərdiyini iddia edib.
Xatırladaq ki, daha əvvəl İngiltərə və Norveçdən olan bəzi alimlər də COVID-19-un süni mənşəli ola biləcəyinə dair ehtimal irəli sürmüş, vaksin üzərində işləyərkən laboratoriya izlərinə rast gəldiklərini bildirmişdilər.