Yay aylarında uşaqlar günün böyük hissəsini parkda, həyətdə, istirahət zonalarında və digər açıq məkanlarda keçirirlər. Bu isə onların ağcaqanad, arı, gənə və digər həşəratlarla təmasını artırır.
Xüsusilə axşam saatlarında və ya yaşıllıq ərazilərdə həşərat dişləmələri daha çox müşahidə olunur. Nəticədə yay mövsümündə uşaqlarda qaşınma, qızartı, şişkinlik və allergik reaksiyalarla müşayiət olunan həşərat dişləmələri ilə bağlı müraciətlərin sayı da artır.
Sherg.az xəbər verir ki, pediatr Elşən Tağıyev bildirib ki, son dövrlər ağcaqanad və digər həşərat dişləmələrindən sonra uşaqlarda ciddi allergik reaksiyalar daha çox müşahidə edilir. O qeyd edib ki, bəzi hallarda adi görünən bir dişləmə qısa müddətdə qızartı, şişkinlik, güclü qaşınma və geniş yayılmış allergik reaksiyalarla nəticələnə bilir: 
“Valideynlər ilk növbədə profilaktik tədbirlərə diqqət yetirməlidirlər. Uşaqları həşəratlardan qorumağın ən effektiv yollarından biri açıq rəngli, uzunqollu geyimlərdən istifadə etmək, pəncərələrə tor vurmaq və həşəratların çox olduğu ərazilərdən uzaq durmaqdır. Xüsusilə durğun su hövzələri və zibil qutuları kimi yerlərin ağcaqanadların çox toplandığı məkanlar olduğunu vurğulayan həkim valideynləri ehtiyatlı olmağa çağırıb. Yüngül həşərat dişləmələri zamanı ilkin yardım kimi həmin nahiyənin sabunlu su ilə yuyulması vacibdir. Qaşınma və şişkinliyi azaltmaq üçün buz tətbiqi, antihistamin preparatlar, həmçinin kalamin tərkibli krem və losyonlardan istifadə oluna bilər. Uşaqların dişlənən nahiyəni qaşımasına imkan vermək olmaz. Çünki bu, dəriyə infeksiya keçməsi riskini artırır”.
Pediatr uşaqlar üçün ağcaqanad əleyhinə vasitələrin təhlükəli olması ilə bağlı yayılan fikirlərin də çox vaxt yanlış olduğunu deyib. Onun sözlərinə görə, əsas problem həmin vasitələrin özündə deyil, düzgün istifadə edilməməsindədir: “2 aydan böyük uşaqlarda DEET və Picaridin tərkibli həşəratqovucular düzgün dozada istifadə olunduqda təhlükəsiz hesab edilir”. DEET tərkibli vasitələrin qoruyuculuq müddətinin faiz göstəricisindən asılı olaraq dəyişdiyini deyən mütəxəssis, uşaqlarda 30 faizdən yuxarı tərkibli məhsulların məsləhət görülmədiyini vurğulayıb: “DEET 10-20-30 faizli dərmanlar müvafiq olaraq 2-4-6 saat qoruyur. 30 faizdən yuxarı olduqda isə daha uzun qoruyur, amma uşaqlarda istifadəsi məsləhət görülmür. Bu dərman ağcaqanadlara qarşı çox effektivdir. Picaridinin (10-20 faiz) isə həm qoxusu daha azdır, həm də dəridə daha rahat hiss olunur. Ən azı 4-8 saat qoruyur”.
E. Tağıyev təbii tərkibli vasitələrin də müəyyən qədər təsir göstərdiyini bildirib. Lakin onun sözlərinə görə, citronella, evkalipt, lavanda, darçın və nanə yağı tərkibli məhsullar qısa müddətli qoruma yaratsa da, təsiri kimyəvi preparatlarla müqayisədə daha zəif olur.