"Panika üçün əsas yoxdur - yeni virus ştammı insanlarda deyil, yarasalardadır"
Taylandda yarasalarda yeni koronavirus ştammı aşkar edilib. Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Təhsil Akademiyası prezidentinin müavini Gennadiy Onişenko bildirib ki, bioloqlar bu ştammı müşahidə etməlidirlər, lakin ölkəyə insanların girişini məhdudlaşdırmaq üçün heç bir əsas yoxdur.
Sherg.az xəbər verir ki, Onişenko bu fikirləri RİA Novosti-yə açıqlamasında deyib. Daha əvvəl media Taylandın Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyinə istinadən xəbər vermişdi ki, ölkədə yarasalarda yeni koronavirus ştammı aşkar edilib, lakin insanlar arasında yoluxma halları qeydə alınmayıb.
“Bu virus insanlar deyil, yarasalarda aşkarlanıb. Ona görə də bunu həkimlər yox, yəqin ki, Tayland bioloqları müəyyən ediblər. Burada qeyri-adi heç nə yoxdur, çünki biz artıq 40-a yaxın ştammı tanıyırıq, əslində isə daha çoxdur. Deməli, daha biri də əlavə olunub”, - deyə Gennadi Onişenko bildirib.
O, yeni ştammın müşahidə altına alınmasının vacibliyini vurğulayıb və virusun hansı növ yarasalarda aşkarlanmasının da elmi baxımdan önəmli olduğunu qeyd edib.
“Oraya insanların getməməsi üçün heç bir əsas yoxdur. Amma bizim milli xüsusiyyətimiz olan laqeydlik də azaldılmalıdır”, - deyə akademik əlavə edib.