Alim sağlam və uzun ömür üçün əsas tövsiyələri açıqlayıb

Sağlam həyat tərzi insanın ömrünü uzatmaq və qocalma prosesini ləngitmək üçün ən təsirli vasitələrdən biridir.

Sherg.az xəbər verir ki, bunu Biologiya elmləri doktoru, professor Aleksey Moskalyov bildirib. Onun sözlərinə görə, qocalmanı dayandıran "möcüzəvi dərman" yoxdur və uzunömürlülüyün əsası düzgün həyat tərzi ilə qoyulur.

Alim sağlam qidalanmanı uzunömürlülüyün əsas şərtlərindən biri hesab edir. O, gündəlik rasionda tərəvəz, meyvə və digər lifli qidaların üstünlük təşkil etməsini, həmçinin keyfiyyətli zülal mənbələri və tam taxıllı məhsulların qəbulunu tövsiyə edib.

Professorun fikrincə, müntəzəm fiziki aktivlik də vacibdir. Bunun üçün sürətli gəzinti, üzgüçülük, velosiped sürmə kimi aerob məşqlərlə yanaşı, güc, tarazlıq və dartınma hərəkətləri də gündəlik həyata daxil edilməlidir.

Moskalyov keyfiyyətli yuxu, xroniki stress və narahatlığın idarə olunmasının da sağlam qocalma üçün mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, psixoloji gərginliklə mübarizə aparmaq, ehtiyac olduqda mütəxəssis dəstəyindən yararlanmaq lazımdır.

Alim sosial aktivliyin, ünsiyyətin və yaradıcılıqla məşğul olmağın da beyin sağlamlığını qoruduğunu və idrak funksiyalarının uzun müddət saxlanmasına kömək etdiyini qeyd edib.