Kökün qida liflərinin tərkibindəki polifenollar insan ömrünün uzanmasına kömək edə və yaşa bağlı dəyişiklikləri ləngidə bilər.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, bu qənaətə tədqiqatın nəticələrini "Food & Function" jurnalında dərc edən alimlər gəliblər.
Təcrübələr qocalma proseslərinin öyrənilməsi üçün ən çox istifadə olunan model orqanizmlərdən olan "Caenorhabditis elegans" nematodları (qurdlar) üzərində aparılıb. Tədqiqatçılar kök sellülozasından xüsusi polifenolları ayıraraq onları qurdların yaşadığı mühitə əlavə ediblər. Nəticədə canlıların orta ömür uzunluğu 25.6% artıb.
Bundan əlavə, qurdların hərəkətliliyi yaxşılaşıb, hüceyrələrin qocalması ilə əlaqəli piqment olan lipofussinin toplanması azalıb və orqanizmdəki piy qatları əriyib.
Analizlər göstərib ki, bu birləşmələr orqanizmin stresə reaksiyası və uzunömürlülüyü ilə bağlı siqnal yollarına təsir göstərir, həmçinin enerji resurslarından daha səmərəli istifadə etməyə imkan verərək maddələr mübadiləsini nizamlayır.
Tədqiqat müəllifləri qeyd edirlər ki, burada əsas diqqət çəkən məqam kökün özü deyil, məhz qida lifləri ilə bağlı olan polifenollardır. Əvvəllər bu maddələrin sərbəst formaları ilə müqayisədə lifə bağlı formaları daha az öyrənilib. Alimlərin fikrincə, sağlam qocalma strategiyalarının hazırlanmasında belə birləşmələr kifayət qədər qiymətləndirilməmiş effektiv vasitə ola bilər.