Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin

Cəmi 21 gün ardıcıl gülümsəmək insanın düşüncə tərzinə və əhvalına müsbət təsir göstərir.

Sherg.az xəbər verir ki, mütəxəssislərin fikrincə, gülümsəmək stressi azaldır, insanın özünəinamını artırır və başqalarının gözündə onu daha səmimi və etibarlı göstərir.

Araşdırmalara əsasən, müsbət emosiyaların davamlı təkrarlanması beynin hadisələri daha pozitiv qiymətləndirməsinə kömək edir. Bu proses bəzi mütəxəssislər tərəfindən "Tetris effekti" adlandırılır. Belə ki, müəyyən davranış uzun müddət təkrarlanarsa, beyin onu vərdiş kimi qəbul edir.

Psixoloqlar hesab edirlər ki, 21 gün ərzində eyni müsbət davranışın davam etdirilməsi onun gündəlik vərdişə çevrilməsinə kömək edə bilər. Bu səbəbdən mütəmadi gülümsəməyin insanın əhval-ruhiyyəsinə və həyata baxışına müsbət təsir göstərdiyi qeyd olunur.

Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, xoşbəxtlik təkcə gülümsəməkdən asılı deyil və psixoloji rifahın qorunması üçün sağlam həyat tərzi, sosial münasibətlər və digər amillər də mühüm rol oynayır.