Bakıda qadın doğuşdan sonra ölüb. Hadisə Kliniki Tibbi Mərkəzdə baş verib.
Paytaxt sakini 1998-ci il təvəllüdlü Sevda Məmmədovanın Kliniki Tibbi Mərkəzdə doğuşdan sonra həkimlərin səyinə baxmayaraq öldüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.
Bu hadisə son illər ölkədə doğuş zamanı və doğuşdan sonrakı dövrdə baş verən ağırlaşmaların və ölüm hallarının artması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mama-ginekoloq Təranə Həəsnova Sherg.az-a bildirib ki, ana ölümlərinin əsas səbəblərindən biri hamiləlik dövründə qadınların sağlamlıq vəziyyətinə lazımi səviyyədə nəzarət olunmamasıdır. Onun sözlərinə görə, bir çox qadın hamiləliyin erkən mərhələlərində mütəmadi müayinələrdən keçmir, analiz və skrininqləri vaxtında etdirmir, nəticədə gizli gedən xəstəliklər doğuş zamanı və sonrasında ağır fəsadlara səbəb olur: “Beynəlxalq statistikaya görə ana ölümlərinin birinci səbəbi qanaxmalardır. Bu əsasən doğuşdan və yaxud kesir əməliyyatından sonra baş verir. Digər səbəblərsə ekstregenital xəstəliklər və mamalıq patologiyalarıdır. Mamalıq patologiyasının bir sıra ağırlaşdırıcı halları var. Ona görə də qadınların bir çoxu hamiləlik dövründə buna məruz qala bilir. Patologiyanın müxtəlif risk qrupları var. Hamiləliyə nəzarət edən həkim hamilə qadının hansı risk qrupuna aid olduğunu müəyyən edib, müalicəsini aparmalıdır. Erkən yaşda ərə verilmiş qızlar və gec yaşda hamilə qalan qadımlar bu risk qrupuna aiddir. Əgər vaxtında yardım göstərilməsə, mamalıq patologiyası qadınların doğuşdan əvvəl də ölümünə səbəb ola bilir.
Ürək-damar, qaraciyər, böyrək və digər xəstəliklər hamiləlik dövründə və doğuşdan sonra ölüm hallarına da aparıb çıxara bilər. Ona görə də hər bir qadın hamiləlik dövründə xüsusilə diqqətli olmalıdır. Hamilə qadının risk qrupuna aid edilməsi vaxtında aşkar edilməlidir. Hamilə qadının arterial təzyiqinə, xarici görünüşünə, bütün analizlərinə, dölün inkişafına çox ciddi nəzarət edilməlidir”.
Həkimin sözlərinə görə, bu məsələdə eyni məsuliyyət hamilə qadının üzərinə düşür: “Qadın özü hamiləlik dövründə davamlı həkim nəzarətində olmalıdır. Əgər bir qadın hamiləlik dövründə qadın məsləhətxanasına gedib hamiləlik uçotuna dayanmırsa, o zaman həkim nə edə bilər?! Ərazidəki hər bir hamilə xanımın vəziyyəti barədə sahə həkimində müfəssəl məlumat olmalıdır. Bunun üçünsə hamilə qadın ilk növbədə uçota durmalıdır. Əminliklə deyə bilərəm ki, vaxtında qadın məsləhətxanasında uçota dayanan və davamlı olaraq həkim müayinəsindən keçən qadınlarda patologiyanın baş verməsinin böyük ölçüdə qarşısı alınır. Bundan sonrası isə həkimin məsuliyyətidir”.