Valideynlər öskürək müşahidə edən kimi uşağa özbaşına bəlğəmgətirici preparatlar və ya antibiotiklər verməməlidirlər
Havaların qəfil soyuması mövsümi xəstəliklərin yayılmasını sürətləndirib. Xüsusilə uşaqlar arasında virus və bakterial infeksiyalara daha çox rast gəlinir. Həkimlər valideynləri xəstəliklərin əlamətlərinə diqqətlə yanaşmağa, özbaşına müalicədən və antibiotiklərin nəzarətsiz istifadəsindən çəkinməyə çağırırlar.
Pediatr Aytən İsmayılova Sherg.az-a açıqlamasında bildirib ki, payız-qış mövsümündə uşaqlar arasında müxtəlif infeksion xəstəliklər geniş yayılır. Onların sırasında atipik formada müşahidə olunan skarlatina, Epstein-Barr virusunun törətdiyi infeksion mononukleoz, qrip, paraqrip və göyöskürəyə bənzər simptomlarla müşayiət olunan digər infeksiyalar da var. Onun sözlərinə görə, bu xəstəliklərin düzgün diaqnostikası üçün mütləq həkim müayinəsi tələb olunur:
“Valideynlər öskürək müşahidə edən kimi uşağa özbaşına bəlğəmgətirici preparatlar və ya antibiotiklər verməməlidirlər. Təəssüf ki, bəzi valideynlər hərarət yüksələn kimi hərarətsalıcı dərmanlarla yanaşı, antibiotiklərdən də istifadə edirlər. Halbuki antibiotik təyinatı yalnız həkim müayinəsindən və zəruri laborator analizlərdən sonra verilməlidir. Antibiotiklərin əsassız istifadə bakteriyalarda dərmanlara qarşı rezistentliyin yaranmasına səbəb olur. Nəticədə gələcəkdə həmin preparatların təsiri azalır, infeksiyaların müalicəsi isə çətinləşir. Bundan başqa, antibiotiklərin düzgün olmayan istifadəsi bağırsaq mikroflorasının pozulmasına və allergik reaksiyalara da yol aça bilər”.
Pediatr qeyd edib ki, virus infeksiyaları zamanı uşaqlarda baş ağrısı, halsızlıq, yüksək hərarət, qusma, ishal, qarın və boğaz ağrısı, dəri səpkiləri, limfa düyünlərinin böyüməsi, eləcə də tutmaşəkilli öskürək kimi əlamətlər müşahidə oluna bilər. Lakin bəzi infeksiyalar özünü tipik deyil, atipik və ya silinmiş formada büruzə verir. Aytən İsmayılovanın sözlərinə görə, buna misal olaraq skarlatinanı göstərmək olar:
" Bu xəstəlik zamanı səpkilər zəif ifadə oluna bilər və valideynlər onları allergik reaksiya ilə səhv sala bilərlər. Halbuki xəstəliyin vaxtında aşkarlanmaması və düzgün müalicə edilməməsi ciddi fəsadlara, o cümlədən ürək qapaqlarının zədələnməsinə səbəb ola bilər. Erkən diaqnostika və düzgün müalicə isə bu risklərin qarşısını almaqda mühüm rol oynayır".
Həkim valideynləri uşaqların hərarətinə müdaxilə zamanı da diqqətli olmağa çağırıb:
" Həkim məsləhəti olmadan müxtəlif dərman preparatlarını eyni vaxtda vermək, bir neçə hərarətsalıcı vasitədən nəzarətsiz istifadə etmək arzuolunmaz nəticələrə, o cümlədən qaraciyərin zədələnməsinə səbəb ola bilər. Unutmayaq ki, hərarət orqanizmin infeksiyaya qarşı müdafiə reaksiyalarından biridir. Lakin bu, yüksək hərarətə müdaxilə etməmək və ya uşağın vəziyyətindən asılı olmayaraq bir neçə gün gözləmək anlamına gəlmir. Hərarətin idarə olunması uşağın yaşına, ümumi vəziyyətinə və yanaşı simptomlarına uyğun aparılmalıdır. Bəzi valideynlər hərarəti aşağı salmaq məqsədilə uşaqların bədənini sirkə və ya spirt tərkibli məhlullarla silirlər. Bu üsullar tövsiyə edilmir. Belə müdaxilələr dərinin qıcıqlanmasına, zərərli maddələrin orqanizmə sorulmasına və digər arzuolunmaz hallara səbəb ola bilər”.
Aytən İsmayılova əlavə edib ki, uşağın vəziyyətində pisləşmə, davamlı yüksək hərarət, təkrarlanan qusma və nəfəsalma çətinliyi kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən tibbi yardıma müraciət edilməlidir.
Pediatrın əsas çağırışı isə valideynlərin özbaşına müalicədən çəkinməsi, antibiotiklərdən yalnız həkim təyinatı ilə istifadə etməsi və uşaqların sağlamlığına mövsümi xəstəliklər dövründə xüsusi diqqət yetirməsidir.