Türkiyə Ermənistanla sərhəd-keçid məntəqələrinin açılmasına hazırlığı başa çatdırıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması üçün zəruri hazırlıq işlərinin tamamlandığını açıqlayıb.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir jurnalistlərə açıqlamasında bu məsələni erməni həmkarı ilə müzakirə etdiyini deyib.

Onun sözlərinə görə, həm dəmir yolu, həm də Əlican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün bütün zəruri hazırlıq işləri görülüb.

Uraloğlu qeyd edib ki, razılıq əldə olunacağı təqdirdə, Azərbaycanın mühüm hesab etdiyi məsələlər də nəzərə alınmaqla, proses uzun çəkməyəcək.

Türkiyəli nazir sərhəd-keçid məntəqələrinin yaxın vaxtlarda açılacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulacağına əminliyini ifadə edib.

Ermənistanla Türkiyə arasında hazırda diplomatik münasibətlər mövcud deyil. Ankara 1993-cü ildə sərhədi bağlayıb. İki ölkə arasındakı münasibətlərin gərginləşməsinə Türkiyənin Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi və Osmanlı imperiyasında 1915-ci il hadisələrinin erməni soyqırımı kimi beynəlxalq səviyyədə tanınması prosesinə Ankaranın sərt reaksiyası təsir göstərib.

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin ilk görüşü 2022-ci ilin yanvarında Moskvada keçirilib. Görüşdə Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç iştirak ediblər. Sonrakı görüşlərdən bir neçəsi Vyanada baş tutub.

2022-ci il iyulun 1-də Vyanada keçirilən görüşdə tərəflər üçüncü ölkə vətəndaşlarının, eləcə də diplomatik pasport sahiblərinin Ermənistan-Türkiyə quru sərhədini qısa müddətdə keçə bilməsi barədə razılığa gəliblər. Lakin həmin razılaşma indiyədək həyata keçirilməyib.