Tropik iqlimlərdə müşahidə olunan viruslar artıq Avropa qitəsində daimi xarakter alıb. Mütəxəssislər bildirirlər ki, artan hava temperaturu və iqlim dəyişikliyi xəstəlik daşıyıcısı olan “pələng ağcaqanadlarının” Avropada yayılmasına səbəb olur. Ağcaqanad riski Türkiyə üçün də təhlükə yaradır.
Sherg.az xəbər verir ki, qlobal istiləşmə və iqlim dəyişikliyi tropik xəstəlikləri Avropada qalıcı edib. Son bir ildə Avropada ağcaqanad mənşəli xəstəliklər rekord həddə çatıb. Mütəxəssislər Denq qızdırması (Dang humması), Qərbi Nil virusu və Çikunqunya xəstəliyi ilə bağlı epidemiya xəbərdarlığı ediblər.
Böyük Britaniyanın Ekologiya və Hidrologiya Mərkəzi Avropada hava temperaturunun qlobal orta göstəricidən iki dəfə daha sürətlə artdığını açıqlayıb.
Artan temperatur fonunda xəstəlik daşıyıcısı olan “Asiya pələng ağcaqanadı”nın Avropa qitəsində şimala doğru yayıldığı bildirilir. Alimlər qeyd edirlər ki, artıq Çikunqunya və Denq qızdırması tropik xəstəlik olmaqdan çıxıb.
Yüksək hərarət, səpkilər və aylarla davam edə bilən oynaq ağrıları ilə özünü göstərən Çikunqunya xəstəliyinin hələlik spesifik müalicəsi yoxdur.
Səhiyyə rəsmiləri xüsusilə yaz və yay mövsümü ərəfəsində ağcaqanadlarla mübarizə üçün hökumətlərə təcili tədbirlər görməyə çağırış edirlər.
Xəstəliyin yayılmasına səbəb olan Asiya pələng ağcaqanadı 10 il əvvəl Avropada 114 bölgədə müşahidə olunurdu. Bu gün isə 360-dan çox bölgədə qeydə alınıb. Bu növə İstanbulda da rast gəlinir.