- Professorun sözlərinə görə, insan istəsə bir saat ayaqyolunda qala bilər, amma...
Son vaxtlar sosial şəbəkələrdə ayaqyolunda uzun müddət oturmağın hemoroid xəstəliyinə səbəb olduğu barədə fikirlər geniş yayılıb. Lakin mütəxəssislər bildirirlər ki, əsas risk tualetdə keçirilən vaxt deyil, defekasiya zamanı yaranan gərginlik və bağırsaq problemləridir.
Sherg.az xəbər verir ki, kolon və rektum cərrahı, proktologiya üzrə türk mütəxəssis, professor Ediz Altınlı hemoroidin yaranmasına səbəb olan amillər və qorunma yolları barədə danışıb.
Mütəxəssisin sözlərinə görə, ayaqyolunda 10 dəqiqədən artıq qalmaq bəzən insanın "Obstruktiv Defekasiya Sindromu" kimi bağırsaq boşalma problemlərindən əziyyət çəkdiyini göstərir. Belə hallarda insanlar uzun müddət ayaqyolunda qalır və həddindən artıq gücənirlər ki, bu da hemoroid riskini artırır.
Professor bildirib ki, hemoroid anal kanalda yerləşən və damarlarla zəngin olan xüsusi toxumalardır. Uzunmüddətli və güclü gücənmə nəticəsində bu toxumaları yerində saxlayan əzələ və bağlar zəifləyir, nəticədə hemoroid düyünləri aşağı sürüşərək xəstəliyin yaranmasına səbəb olur.
Ediz Altınlı qeyd edib ki, sosial şəbəkələrin yayılması ilə ayaqyolunda daha çox vaxt keçirilməsi arasında birbaşa əlaqə yoxdur. Onun sözlərinə görə, əvvəllər insanlar tualetdə qəzet, jurnal və ya kitab oxuyurdular, indi isə həmin vasitələrin yerini telefon və sosial media tutub.
Mütəxəssis həmçinin hemoroidin yalnız kişilərdə daha çox rast gəlindiyi fikrinin doğru olmadığını vurğulayıb. O bildirib ki, qadınlar da ən azı kişilər qədər risk altındadırlar. Xüsusilə hamiləlik dövründə böyüyən uşaqlığın çanaq nahiyəsində yaratdığı təzyiq səbəbindən hemoroid yaranma ehtimalı artır. İri döl və ya çoxdöllü hamiləliklərdə bu risk daha yüksək olur.
Professorun sözlərinə görə, insan istəsə bir saat ayaqyolunda qala bilər, amma güclü gücənmə yoxdursa, bu, təkbaşına hemoroid yaratmır. Əsas amil gücənmənin şiddəti və təkrarlanmasıdır.
Mütəxəssis hemoroid riskini artıran digər faktorlar arasında piylənmə, ağır yük qaldırmaq, prostat problemləri səbəbindən çətin sidik ifrazı, hamiləlik və genetik meyilliliyi də qeyd edib.
Hemoroiddən qorunmaq üçün isə uzun müddət fasiləsiz oturmamaq, mütəmadi hərəkət etmək, bol su içmək, liflə zəngin qidalanmaq, tam taxıllı məhsullara üstünlük vermək, qırmızı ətin istehlakını azaltmaq və kefir, yoqurt kimi probiotik qidalardan istifadə etmək tövsiyə olunur. Bundan əlavə, ofis işçiləri, sürücülər, pilotlar, proqramçılar və günün böyük hissəsini oturaq vəziyyətdə keçirən şəxslərin daha diqqətli olmaları məsləhət görülür.