Baş gicəllənməsi və tarazlıq pozuntuları mobil cihazlarla müəyyən ediləcək

Türkiyədə mütəxəssislər başgicəllənmə və tarazlıq pozuntularının diaqnostikasında mobil telefon və noutbuklardan istifadə etməyə imkan verən sistem hazırlayırlar.

Sherg.az xəbər verir ki, TÜBİTAK-ın dəstəyi ilə Kocaeli Şəhər Xəstəxanası və Kahramanmaraş Sütçü İmam Universitetinin əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrdə göz və baş hərəkətlərinin süni intellekt vasitəsilə analiz edilməsi nəzərdə tutulur.

Hazırlanan Mobil VNG və Mobil Video Head Impulse sistemlərinin sabit laboratoriya və xüsusi təlim keçmiş personal ehtiyacını azaltması, təcili yardım və poliklinikalarda istifadəyə imkan verməsi planlaşdırılır.

Mütəxəssislərin sözlərinə görə, sistem göz hərəkətlərini izləyərək nistaqmı müəyyən edə biləcək. Yerli texnologiyanın həm diaqnostikanı daha əlçatan, həm də tibbi testlərin qiymətini daha aşağı etməsi gözlənilir.

Layihənin hazırda klinik sınaq mərhələsində olduğu bildirilib.