Türkiyənin Sabiha Gökçen Beynəlxalq Hava Limanında maraqlı hadisə yaşanıb. Qafqazinfo-nun məlumına görə, DMAX kanalında “Gümrük muhafaza Türkiye” adlı layihə çərçivəsində yayımlanan görüntülərdə azərbaycanlı qadının çemodanında toyuq əti, digər ərzaq məhsulları, bişintilər aşkarlayan mühafizə polisi bunların ölkəyə keçirilməsinə yasaq olduğunu bildirir. Qadın isə “toyuq öz həyətimdəndir”, deyərək təhlükəli hal yaranmayacağına sanki zəmanət verirmiş kimi danışır, bu təamları uşaqları üçün gətirdiyini deyir, bişirdiyi paxlavadan gömrük işçilərinə də təklif edir. Yeməklərin sərhəddən keçirilməsinin qadağan olduğunu söyləyən əməkdaşa cavabında deyib: “Yeməklərin hamısını özüm hazırlamışam. Bunlar uşaqlarım üçündür. Nə edim? Oradan bura əliboş gəlim?!”
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, beynəlxalq praktikada çiy və bişmiş ət məhsullarının bir ölkədən digərinə daşınması ciddi risk hesab olunur:
- Səbəb təkcə qida təhlükəsizliyi deyil, həm də heyvan mənşəli xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi daşıyır. Şəxsi təsərrüfatın olması, hüquqi baxımdan istisna yaratmır. Ölkələrin özünə görə qayda-qanunları var. Xanım səhvdir. Və həmin məhsullar müsadirə olunmalıydı. Türkiyənin gömrük qanunlarına görə, eləcə də kənd təsərrüfatı, meşə nazirliyinin tətbiq etdiyi qaydalara görə, ölkəyə çiy ət və ət məhsullarınınn, diri heyvanların, quşların icazəsiz gətirilməsi qadağandır. Mütləq baytarlıq sertifikatı olmalıdır. Ümumiyətlə, ərzaq məhsullarını, qidaları bu şəkildə yol çantasında daşımaq olmaz. Məhsulun çirklənməsi baş verir və zəhərlənmə ola bilər. Bir sıra ölkələrdə bu qaydalar var, çiy ət, ətdən hazırlanmış məhsullar, süd və süd məhsullarının ölkəyə gətirilməsi qadağandır. Tərkibində yumurta, krem olan şirniyyatlar, zərərvericilərin yayılması riskinin qarşısını almaq üçün hətta bəzi ölkələrdə meyvə-tərəvəzin gətirilməsi də məhdudlaşdılır. Vətəndaşlarımız ehtiyatlı olmalıdır, qaydaları bilməlidirlər.