Bu toyuqları yeyənlər ağır zəhərlənə bilər! - Ağa Salamov həyəcan təbili

Qanunsuz kəsim sexindən yayılan təhlükə süfrələrinizə qədər gəlib çıxa bilər

Salyan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilir ki, məntəqə fiziki şəxs Babayev Natiq Səmədağa oğluna məxsusdur. Qeyd edilir ki, yoxlama zamanı kəsimxananın birbaşa fərdi yaşayış sahəsində, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin quş kəsimi və emalı proseslərinin sanitar-gigiyenik tələblərə uyğun təşkil edilmədiyi müəyyən olunub.

Məntəqədə quşların qəbulu, saxlanılması, eləcə də emal zamanı keyləşdirilməsi, qansızlaşdırılması, təmizlənməsi, içalatının çıxarılması, ətin qablaşdırılması və soyudulması üçün tələb olunan istehsal sahələri yaradılmayıb. Eyni zamanda kəsimə gətirilən quşların mənşəyini təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, satışa çıxarılan toyuq əti məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, havalandırma və temperatura nəzarət sistemlərinin quraşdırılmadığı, istehsal zamanı yaranan tullantıların düzgün idarə olunmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Faktla bağlı müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, sanitar-gigiyenik normaların pozulduğu, kəsim qaydalarına əməl olunmadığı, üstəlik də icazəsz fəaliyyət göstərilən məntəqədə kəsim aparmaq və məhsulu satışa çıxarmaq insan orqanizmi üçün real təhlükədir: 

- Natəmiz səthlərdə mikroblar və bakteriyalar asanlıqla çoxalaraq bioloji çirklənməyə və qida zəhərlənmələrinə yol açır. Xüsusilə eyni doğrama taxtası və ya bıçaqla müxtəlif ərzaqların işlənməsi çarpaz çirklənməyə səbəb olur. Təhlükənin qarşısını almaq üçün mətbəx və qida ilə təmasda olan bütün səthlər, xüsusilə çiy ət və tərəvəz doğrandıqdan sonra dərhal təmizlənməlidir. AQTA-nın məlumatından görünür ki, həmin məntəqədə heç bir qaydaya əməl edilməyib, sanitar-gigyenik normalar, kəsim qaydalarına riayət edilməyib. Bu, zəhərlənmə təhlükəsini real edir. 

Mütəxəssis bildirdi ki, xüsusilə toyuq kəsimi prosesi bioloji çirklənmə riski ən yüksək olan sahələrdən biridir: 

- Çiy quş əti özündə təbii olaraq Salmonella və Campylobacter kimi təhlükəli patogen mikroorqanizmləri daşıyır. Kəsim zamanı sanitariya-gigiyena qaydalarına tam riayət edilmədikdə, bu bakteriyalar bütün ətə və ətraf səthlərə yayılır. İçalatın çıxarılması ən kritik mərhələdir. Bağırsaqların zədələnməsi və ya patogen tərkibinin ətə sızması kütləvi bioloji çirklənməyə səbəb olur. Eləcə də tük təmizləmə və pörtləmə zamanı pörtləmə suyunun temperaturu düzgün nizamlanmadıqda bakteriyaların məhvi üçün kifayət etmir, həmin su infeksiya mənbəyinə çevrilir. Quş kəsimi məntəqələrində soyutma üçün dərin vannalar - ləyənlər olmalıdır. Kəsimdən sonra quşlar ləyənlərə salınmalı, lazım olan qədər saxlanmalıdır. Vannalardakı su mütəmadi dəyişdirilməli, təzələnməlidir. Su mütəmadi dəyişdirilməzsə, çarpaz çirklənmə mexanizmi ilə bütün məhsulları yoluxduracaq. Kəsim sexlərində gigiyenik tələblər zonaları ayrılmalıdır. Çirkli zona - qəbul, kəsim, tüklərin təmizlənməsi ilə təmiz zona - içalatın çıxarılması, parçalanma, qablaşdırma bir-birindən tam təcrid olunmalıdır. Fasiləsiz axar su olmalıdır. İşçilər xüsusi kombinezon, önlük, rezin çəkmə, əlcək və saç torundan istifadə etməli, bu geyimlə sexdən kənara çıxmamalıdırlar. Alətlərin sterilizasiyası mütləqdir. Bıçaqlar və istifadə olunan digər avadanlıqlar uyğun temperaturda su ilə və ya xüsusi dezinfeksiyaedici maddələrlə sterilizasiya edilməlidir.