Alzheimer xəstəliyi yalnız yaddaşa deyil, həm də gündəlik hadisələri anlamaq, düzgün ardıcıllıqla yerinə yetirmək və planlaşdırmaq bacarığına mənfi təsir göstərir.
Sherg.az xəbər verir ki, bu nəticə Biruni Universitetinin alimlərinin də iştirak etdiyi və "Cortex" elmi jurnalında dərc olunan beynəlxalq araşdırmada əksini tapıb.
Araşdırmada sağlam yaşlı insanlar, yüngül koqnitiv pozuntusu olan şəxslər və erkən mərhələdə Alzheimer xəstəliyindən əziyyət çəkən ümumilikdə 54 nəfər iştirak edib. İştirakçılardan gündəlik həyatı əks etdirən qarışıq şəkilləri düzgün ardıcıllıqla düzmələri və hadisələri müəyyən etmələri istənilib.
Tədqiqatın nəticələrinə görə, Alzheimer xəstələri təkcə detalları unutmaqla kifayətlənmir, həm də hadisələrin ardıcıllığını qurmaqda çətinlik çəkirlər. Mütəxəssislər bildiriblər ki, yemək hazırlayarkən addımların qarışdırılması, çay dəmləyərkən ardıcıllığın unudulması və ya alış-verişi planlaşdırmaqda çətinlik çəkmək beynin gündəlik prosesləri təşkil etmə qabiliyyətinin zəifləməsi ilə əlaqəli ola bilər.
Alimlər qeyd ediblər ki, bu cür dəyişikliklər sadəcə diqqətsizlik kimi qiymətləndirilməməli, Alzheimer və yüngül koqnitiv pozuntuların erkən aşkarlanmasında mühüm əlamətlərdən biri kimi nəzərə alınmalıdır.