Virus sağaldıqdan sonra belə orqanizmdə “gizli qala” bilər
"Yollarda gəzərkən ağaclardan meyvə dərib, yuyulmamış vəziyyətdə yeməyin. Küçə heyvanları ilə yaxın təmasdan çəkinmək lazımdır"
Qlobal səhiyyə sistemi, Hantavirus təhlükəsinin yaratdığı gərginliyi tam sovuşdurmamış, daha amansız virusa qarşı yeni cəbhə açmaq məcburiyyətində qalıb. May ayından etibarən Konqo Demokratik Respublikasında Ebola epidemiyasının yeni yayılma halı qeydə alınıb.
Dəhşətlisi isə odur ki, hər keçən ay virusun yoluxma nisbəti də yüksəlir. Yoluxma hallarının sayı son 24 saat ərzində əhəmiyyətli dərəcədə artaraq, 452-yə çatıb. Ebolanı digər viruslardan fərqləndirən ən təhlükəli xüsusiyyət, yüksək ölüm göstəricisinə malik olmasıdır. Xəstəliyin orta ölüm nisbəti 50 faiz qiymətləndirilsə də, Konqoda bəzi epidemiyalar zamanı bu göstərici 19,2 faiz təşkil edib. Artıq ölənlərin sayı 115 nəfəri ötüb. Kabusa çevrilən virusun yenidən baş qaldırması qlobal təşvişə səbəb olub.
Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev Sherg.az-a bildirib ki, Ebola virusu insandan insana yalnız yaxın təmas yolu vasitəsilə keçir:
“COVID-19-dan fərqli olaraq, Ebola virusu hava-damcı yolu ilə yayılmır. Ebolada yoluxma yalnız xəstənin bədən mayeləri ilə yaxın təmas zamanı baş verir. Bu virusun COVID-19 kimi qlobal pandemiyaya çevrilmə ehtimalı çox aşağıdır. Ebola əsasən regional və lokal kütləvi yoluxmalar şəklində yayılır. Sağlam insan, virus daşıyıcısının qanı, tüpürcəyi, təri və nəcisi ilə hər hansı bir formada təmasda olduqda, yoluxma baş verir. Əgər əlinizə xəstənin tüpürcəyi, təri bulaşıbsa və siz fərqində olmadan əlinizi gözünüzə, burnunuza və ya ağzınıza vursanız, virus dərhal selikli qişalardan keçərək bədənə daxil olacaq”.
Həkimin sözlərinə görə, ən dəhşətlisi isə odur ki, insan tam sağalsa belə, virus immun sisteminin çata bilmədiyi bəzi gizli nöqtələrdə aylarla canlı qalır:
“Ana tam sağalsa belə, virus süd vəzilərində uzun müddət aktiv qala bilər. Belə vəziyyətdə, körpəni əmizdirmək, virusun süd şirəsi vasitəsilə birbaşa uşağın həzm sisteminə keçməsinə şərait yaradır. Xəstəliyə yoluxan insanlar ilkin mərhələdə, yüksək qızdırma, şiddətli baş ağrısı, oynaq və əzələlərdə dözülməz ağrılarla qarşılaşır. Virus bədəndə çoxaldıqca, daxili orqanları zədələməyə başlayır. Diş ətlərindən tutmuş burun, qulaq və mədə-bağırsağa qədər hər yerdən qan gələ bilər. Xəstədə qan qusma, nəcisdə qan görünməsi kimi çox ağır simptomlar müşahidə olunur”.
M. Əliyev qeyd edib ki, Ebolanın heyvanlardan, xüsusilə də yarasa və meymunlardan insanlara keçmə ehtimalı yüksəkdir:
“İnsanlar bu virusa ən çox yarasaların təmas etdiyi meyvələri yumadan yedikdə, yoluxmuş heyvanların ətini kəsərkən qanına toxunduqda və ya bu ətləri çiy, yaxşı bişirilməmiş vəziyyətdə yedikdə yoluxurlar. Ebolanın ən təhlükəli xüsusiyyətlərindən biri xəstənin vəfatından sonra da yoluxduruculuğunu qorumasıdır. Dəfn mərasimində cəsədlə edilən hər bir vida toxunuşu, virusun yeni bədənlərə köç etməsinə yol açır. Ebolaya qarşı vaksinlər mövcud olsa da, SVD və BVD kimi digər ştammları üçün təsdiqlənmiş peyvənd yoxdur. Əgər gələcəkdə epidemioloji vəziyyət ağırlaşarsa, yeni və daha effektiv vaksinlərin yaradılması qaçılmaz olacaq”.
Həkim səyahətə çıxan vətəndaşlara bəzi qaydalara əməl etməyi tövsiyə edib:
"Yollarda gəzərkən ağaclardan meyvə dərib, yuyulmamış vəziyyətdə yeməyin. Küçə heyvanları ilə yaxın təmasdan çəkinmək lazımdır. Onların dərinizi dişləməsi və ya dırnaqlaması virusun keçməsinə səbəb ola bilər. Çöldə olarkən, çirkli əllərinizi qətiyyən gözünüzə, burnunuza və ağzınıza vurmayın. Əllərinizi sabunla yumadan qidalanmaq olmaz. Evə qayıtdıqda isə gigiyenik vasitələrlə yaxşıca duş almağı tövsiyə edirəm”.