Çox isti çay vərdişi qida borusu xərçəngi yaradır - PROFESSORDAN İZAH

Qida borusu xərçəngində erkən diaqnoz müalicəni asanlaşdırır

Türkiyə Gazi Universiteti Tibb Fakültəsi, Tibbi Onkologiya Elmi Şöbəsi müəllimi, Professor, Dr. Uğur Coşkun, qida borusu xərçəngindən qorunmaq üçün çox isti içkilərdən uzaq durmağın vacib olduğunu və erkən diaqnozun müalicəni asanlaşdırdığını bildirib.

Sherg.az xəbər verir ki, Dr. Coşkun, həmçinin Fərdiləşdirilmiş Onkologiya Dərnəyinin Baş Katibi olaraq, “2-ci Milli Onkologiya Fellow Konqresi” üçün gəldiyi Antalyada, çay, qəhvə və digər qidaların çox isti şəkildə istehlak edilməsinin doğru olmadığını vurğulayıb.

O, isti içkiləri vərdiş halına gətirməmək barədə xəbərdarlıq edərək deyib:

“Bir-iki dəfə isti içmək zərərli deyil, amma davamlı olaraq, xüsusilə çayı və maye qidaları çox isti qəbul etmək qida borusunda yanmaya, oradakı bəzi dəyişikliklərə və daha sonra hüceyrələrin dəyişməsinə səbəb olur ki, bu da xərçəng riskini artırır.”

Coşkun bildirib ki, xüsusilə Şərqi Anadolu bölgəsində çox isti çay içmək vərdişi mövcuddur və bu vərdiş bölgədə qida borusu xərçənginin tez-tez rast gəlinməsinə səbəb olur.

Müalicə etdikləri xəstələrdən danışan Coşkun deyib:

“Diaqnoz nə qədər erkən olarsa, müalicə bir o qədər uğurlu olur. Lakin qida borusu xərçəngi irəlilədikdə müalicəsi çətinləşən xəstəlikdir. Bizdə cərrahi əməliyyat, şüa müalicəsi, yeni ağıllı dərmanlar kimi müalicə variantları var və yaxşı nəticələr əldə edirik. Amma məqsədimiz bu halların sayını azaltmaq, xərçəng olmadan önləməkdir. Bunun üçün diqqətli olmaq və səy göstərmək lazımdır.”

Prof. Dr. Coşkun qeyd edib ki, qida borusu xərçənginin ən bariz əlaməti yemək qəbul etməkdə çətinlikdir. Bundan əlavə, kilo itkisi, qidalanma çətinliyi, yemək zamanı yanma hissi və ürəkbulanma da xəstəliyin göstəriciləridir.

Professor bildirib ki, qida borusu xərçəngi çox gizli irəliləyir; erkən mərhələlərdə bəzən açıq simptomlar göstərmir. Tumor böyüyüb qida borusunu tıxdıqda isə bəzi əlamətlər ortaya çıxır.

Xərçəngdən qorunmaq üçün bəzi vərdişlərdən uzaq durmağın vacib olduğunu vurğulayan Coşkun, samavar kimi ənənələrlə çayın qaynar halda istehlak edilməsinin yanlış olduğunu qeyd edib.

Coşkun əlavə edib ki, çayın özü zərərli deyil, amma isti qəbul edildikdə davamlı yanmaya bağlı selikli qatda müəyyən dəyişikliklər baş verir və bəzilərində bu xərçəngə çevrilə bilər.