Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!

Mütəxəssislər səhər yeməyində yumurtanın yanında çay içməyi məsləhət görmür. Çaydakı tanin maddəsi yumurtanın tərkibindəki dəmirə bağlanaraq onun orqanizm tərəfindən sorulmasına mane olur.

Sherg.az xəbər verir ki, bu səbəbdən dəmir tərkibli qidalar qəbul etdikdən sonra ən azı 1 saat gözləmək, daha sonra çay içmək tövsiyə olunur. Çay içmək istəyənlər isə açıq və limonlu çaya üstünlük verə bilərlər.

Xüsusilə uşaqlar, yaşlılar və hamilələr üçün bu məqama diqqət yetirmək vacibdir.

Mütəxəssislər həmçinin süd və süd məhsullarının bəzi hallarda faydalı olduğunu bildirirlər. Dodaq kənarlarında yaranan yaraların B2 vitamini (riboflavin) çatışmazlığı ilə əlaqəli ola biləcəyi qeyd edilir.

Bundan başqa, makaron və paxlalıların bişirildiyi suyun tökülməsinin vitamin və mineral itkisinə səbəb olduğu, kök salatına limon əlavə etdikdən sonra uzun müddət gözlədildikdə A vitamini itkisinə yol açdığı bildirilir.