İstanbul Texniki Universitetinin (İTÜ) professoru Filiz Karaosmanoğlu bildirir ki, dünyada 2,2 milyard insan sağlam içməli suya çıxış imkanına malik deyil. O, təhlükəsiz suya çıxışın əsas insan hüququ olduğunu vurğulayıb.
Sherg.az xəbər verir ki, Karaosmanoğlu qeyd edib ki, su çatışmazlığı həm sosial, həm iqtisadi, həm də ekoloji problem yaradır, qadınlar və qız uşaqları ən çox yük daşıyan qrupdur. Dünyada hər üç evdən ikisində su təminatına qadınlar cavabdehdir və bu, hər gün təxminən 250 milyon saat vaxt aparır.
Professor həmçinin bildirib ki, təhlükəsiz olmayan su və sanitariya şəraiti hər gün 5 yaşdan kiçik təxminən 1000 uşağın ölümünə səbəb olur və bu, qlobal miqyasda ciddi səhiyyə problemidir.
Karaosmanoğlu vurğulayıb ki, qadınların su ilə bağlı qərarvermə proseslərinə aktiv cəlb olunması və suyun davamlı idarəsi üçün hər kəsin məsuliyyət daşıması vacibdir. O deyib: “Dünyada 2,2 milyard insan sağlam içməli suya çıxış imkanına malik deyil. Daha ədalətli, inklüziv və davamlı gələcək üçün hərəkət etməliyik.”