Dünyada bir ilk: Çin hepatitə qarşı ilk təsirli müalicəsini tətbiq etdi

Çində hepatit D virusuna qarşı ilk monoklonal antikor müalicəsi tətbiq olunmağa başlanıb.

Sherg.az "Xinhua" agentliyinin xəbərinə istinadən məlumat verir ki, Çinghua Universiteti ilə Pekində fəaliyyət göstərən Huahui Health biotexnologiya şirkətinin birgə inkişaf etdirdiyi “Libevitug” adlı dərman paytaxtdakı bir xəstəxanada istifadə olunur və dünyada hepatit viruslarına qarşı ilk monoklonal antikor müalicəsi hesab olunur.

Dərman hepatit B və D viruslarının qaraciyər hüceyrələrinə daxil olmasının qarşısını alır və hepatit D-nin yaratdığı qaraciyər infeksiyasını müalicə edir. Dünyada 254 milyon hepatit B daşıyıcısının təxminən 5%-i eyni zamanda hepatit D ilə yoluxur və bu dərman həmin xəstələrin müalicəsində əhəmiyyətli boşluğu dolduracaq.

Klinik sınaqlar 2018-ci ildə başlayıb, 2023-cü ildə xroniki xəstələrin iştirak etdiyi çoxmərkəzli beynəlxalq tədqiqat aparılıb. Çin Milli Tibb Məhsulları İdarəsi dərmana şərti istifadə icazəsini yanvarda verib.

Monoklonal antikorlar yalnız bir antikor hüceyrəsindən istehsal olunur, tək bir epitopa qarşı reaksiyaya girərək xüsusi immunitet yaradır.