Elm dünyası şokda! Yeni orqan kəşf edildi

“Nature” jurnalında dərc olunan yeni araşdırmada ABŞ-ın Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri kəllə sümüyünün daxilində beyinə xas immun reaksiyaları idarə edən yeni limfoid strukturlar aşkarlayıblar.

Sherg.az Habertürk-ə istinadən xəbər verir ki, hələlik yalnız siçanlar üzərində müəyyən edilən bu strukturların insanlarda da mövcud ola biləcəyinə dair ciddi əlamətlər var.

Araşdırma zamanı alimlər kəllə sümüyünün sümük iliyində immun hüceyrələrinin yetişməsi və çoxalmasında iştirak edən, limfa düyünlərinə bənzər strukturlar müəyyən ediblər. Bu quruluşların beynin müdafiəsində mühüm rol oynadığı bildirilir.

Tədqiqatçılar glioma adlı aqressiv beyin xərçəngi üzərində apardıqları təcrübələrdə bu strukturların fəaliyyətini dəyişdirərək siçanlarda immun reaksiyanı gücləndiriblər. Nəticədə xərçənglə mübarizə qabiliyyəti və sağqalma göstəriciləri yüksəlib.

Alimlər hesab edirlər ki, bu strukturların insanlarda da təsdiqlənməsi gələcəkdə beyin xərçəngi ilə yanaşı, Alzheimer, Parkinson və digər nevroloji xəstəliklərin müalicəsində yeni yanaşmaların yaranmasına səbəb ola bilər.

Araşdırmanın müəllifləri bildirirlər ki, kəllə sümüyü üzərindən immun sisteminə təsir göstərilməsi bəzi hallarda daha az invaziv müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.