"Zaman keçdikcə insanlar anlayacaqlar ki, süni dəyişikliklərlə diqqət çəkmək və cəmiyyəti təəccübləndirmək mümkün deyil"
Son zamanlar “ideal gözəllik” arzusuna düşən qadınların sayı artıb. Artıq qüsuru olan da bıçaq altına yatır olmayan da. Televiziyada və ya gündəlik həyatımızda estetik əməliyyat keçirən insanları seçmək çətinləşib. Xüsusilə müğənniləri üzdən tanıya bilmirik. Görünür, onlar üçün “ideal gözəllik” anlayışı bir-birinə bənzəməkdən ibarətdir.
Şişirdilmiş dodaqlar və insan fizionomiyasını eybəcərləşdirən süni şəkilləndirmə əməliyyatları baş alıb gedir. Dövrün tələbinə çevrilən, “estetik görünüş” dırnaqarası həkimlərin sayının artmasına səbəb olub. Bəzi xanımlar sosial şəbəkələrdə məşhurlaşan “uzman”ların şöhrətinə aldanaraq? estetik əməliyyatların qurbanına çevrilirlər. Son vaxtlar əməliyyat keçirən qadınların gözlədikləri nəticəni əldə etməməsi ilə bağlı mediaya çoxsaylı şikayətlər daxil olur. Bəs “gözəllik qurban tələb edir” şüarı ilə bıçaq altına yatanlar, sağlamlıqlarını riskə atdıqlarının fərqindədirmi?
Mövzu ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla Sherg.az-a bildirib ki, estetik əməliyyatlar artıq Azərbaycanda əsas tələbatlardan birinə çevrilib:
“Avropa ölkələrində insanlar estetik əməliyyatlara daha az meyil göstərirlər. Əcnəbilərin bir çoxu xarici görünüşlərinə xüsusi əhəmiyyət vermirlər. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Estetik əməliyyatı etdirənlər arasında qadınlar üstünlük təşkil edir. Artıq xanımlar, estetik əməliyyatına görə bir-birləri ilə yarışa giriblər. Onlar ideal görünüş naminə bıçaq altına yatmağı belə gözə alırlar. Standart gözəllik meyarlarının diktə etdiyi eyni bədən formaları və eyni ölçülü “ideal” burunlar, qadınları bir-birinə bənzər simalara çevirib. Bu tendensiya əsasən müvəqqəti həvəsdən ibarətdir”.
Professorun qənaətinə görə, zaman keçdikcə insanlar anlayacaqlar ki, süni dəyişikliklərlə diqqət çəkmək və cəmiyyəti təəccübləndirmək mümkün deyil:
“Çünki eyniləşən görünüşlər fərdiliyi yox, monotonluğu artırır. Estetik əməliyyatlara münasibət baxımından, dünyanın heç bir yerində Azərbaycandakı kimi biabırçılıq yoxdur. Xaricdə insanlar təbii və saf görünüşə önəm verirlər. Orada insanların dəyər verdiyi özəllik, ağıl və istedadır. Azərbaycan xanımları isə “gözəllik qurban tələb edir” ideyasına aludə olaraq sağlamlıqlarını təhlükəyə atırlar. Son günlər estetik əməliyyatının doğurduğu fəsadlardan ölənlərin sayı artıb”.
A.Qeybulla vurğulayıb ki, ucuzluğuna görə dırnaqarası “həkimlər” yararsız silikon implantları insanların dərisinə yerləşdirirlər:
“Xüsusən də, sinə böyütmə, dodaq şişirdilməsi, burun əməliyyatları, çənə-yanaq implantları, və bədən konturu prosedurlarında silikon mayelərdən istifadə olunur. Yararsız silikonlar daxil edildiyi nahiyədə qızartı, şişkinlik və ağrı yaradır. Bədəndə sərt toxuma qabı əmələ gətirərək, deformasiya və estetik pozulmalara səbəb olur. Keyfiyyətsiz silikonlar toxumaları zədələməklə, sistemik problemlərə də yola açır. Estetik əməliyyatından sonrakı proses də önəmlidir”.
Professor estetik əməliyyat etdirən şəxslərə bir sıra tövsiyələr verib:
“Silikonla doldurulmuş üz, sinə və boyun nahiyələri günəşin zərərli şüalarından qorunmalıdır. Çünki günəşin UV şüaları silikonun yerləşdiyi toxumaları zədələyərək, forma dəyişikliklərinə və kapsul xəstəliyinə səbəb ola bilər. Silikonla dolu bölgələrdə dərinin həssaslığı artır. Bu da günəş ləkələri, qıcıqlanma və yanıq riskini yüksəldir. Hər kəs başa düşməlidir ki, gənclik özü də bir gözəllikdir. Süni yollarla qocalmanın qarşısını almağa çalışmaq yalnız ömrümüzü qısalda bilər. Qocalmaqdan qorxmaq əvəzinə, onu təbii qəbul etməliyik. İnsanlar düzgün qidalanma və fiziki aktivlik vasitəsilə sağlam həyat tərzi formalaşdırmaqla, daha uzun ömür sürə bilərlər”.