İngiltərənin "Wellcome Sanger" İnstitutu və Ontario, Bern və Cornell universitetlərindən mütəxəssislərin birgə apardığı araşdırmaya görə, ev pişiklərindəki xərçəng növləri üzərində aparılan tədqiqat insan və heyvanlarda xərçəng müalicəsində faydalı ola biləcək oxşar genetik dəyişiklikləri ortaya çıxarıb.
Sherg.az xəbər verir ki, beş fərqli ölkədən təxminən 500 ev pişiyindən alınan 13 müxtəlif xərçəng növü analiz edilib. Mütəxəssislər qeyd ediblər ki, pişiklər sahibləri ilə eyni ətraf mühit xərçəng risklərinə məruz qalır, bu da xəstəliyin bəzi səbəblərinin ortaq ola biləcəyini göstərir.
Araşdırma zamanı pişiklərdə xərçəngin yaranmasına səbəb olan genetik dəyişikliklərin insanlardakı ilə oxşarlıq təşkil etdiyi vurğulanıb. Xüsusilə pişik və insan süd vəzisi xərçəngləri arasında oxşarlıqlar aşkar edilib.
"Wellcome Sanger" İnstitutundan tədqiqatın müəllifi Bailey Francis bildirib ki, fərqli növlərdə xərçəng genomlarını müqayisə etməklə, xərçəngin səbəblərini daha yaxşı başa düşmək mümkündür.
Francis əlavə edib:
"Ən önəmli tapıntılarımızdan biri, pişik xərçəngindəki genetik dəyişikliklərin insanlarda və itlərdə müşahidə olunan bəzi dəyişikliklərlə oxşarlıq təşkil etməsidir."
Tədqiqatın nəticələri "Science" jurnalında nəşr olunub.