Fil xəstəliyindən əziyyət çəkən qadının 4 ildir şişmiş ayağına çarə tapıldı

İstanbulda fil xəstəliyindən (limfödem) əziyyət çəkən Çiğdem Şekerin son 4 il ərzində şişərək təxminən üç dəfə böyüyən ayağı, Başakşehir Çam və Sakura Şəhər xəstəxanasında tətbiq edilən müalicə nəticəsində əhəmiyyətli dərəcədə kiçilib.

Sherg.az xəbər verir ki, təxminən 10 il əvvəl sol ayağında yaranan və zamanla artan şişkinlik səbəbindən müayinədən keçən 30 yaşlı Çiğdem Şekerə aparılan tibbi yoxlamalardan sonra fil xəstəliyi (limfödem) diaqnozu qoyulub.

Dörd il əvvəl doğuş etdikdən sonra, xüsusilə topuq və dizdən aşağı hissədəki şişkinlik daha da artıb. Vaxt keçdikcə onun sol ayağı sağ ayağı ilə müqayisədə təxminən üç dəfə böyük olub.

Gəzməkdə və gündəlik geyimlərini geyinməkdə çətinlik çəkən Şeker bunun ardından Başakşehir Çam və Sakura Şəhər xəstəxanasının Fiziki Müalicə və Reabilitasiya Mərkəzinə müraciət edib.

Burada tətbiq olunan intensiv müalicə nəticəsində sol ayağındakı şişkinlik azalıb və o, yenidən sərbəst şəkildə yeriməyə başlayıb.

Xəstəxananın Təhsil Koordinatoru professor Evrim Coşkun bildirib ki, xəstə təxminən bir il əvvəl sol ayağındakı şişkinlik şikayəti ilə onlara müraciət edib.

Onun gündəlik həyat fəaliyyətlərində ciddi çətinliklər yaşadığını vurğulayan Coşkun deyib:

“Yeriməkdə və geyinməkdə çətinlik çəkirdi. Biz onu stasionar müalicəyə qəbul etdik. Təxminən üç aylıq müalicədən sonra ayaqdakı şişkinliyi əhəmiyyətli dərəcədə azaltdıq.”

Professor bildirib ki, lazımi nəticə əldə edildikdən sonra xəstələrə kompressiya geyimləri təyin olunur və müalicə prosesi xüsusi məşqlərlə dəstəklənir.

“Həkimə müraciət etdiyi zaman xəstənin çəkisi 80 kiloqram idi. Halbuki normal çəkisi 50 kiloqram olub. Xəstəlik səbəbindən hərəkət imkanları məhdudlaşdığından çəkisi artmışdı. Stasionar müalicədən sonra yenidən çəkisini ölçdükdə 70 kiloqrama düşdüyünü gördük. Müalicə nəticəsində sol ayağındakı təxminən 10 kiloqramlıq artıq yükü aradan qaldırmışıq”, – deyə Coşkun əlavə edib.

Çiğdem Şeker isə qeysəriyyə əməliyyatından sonra şikayətlərinin daha da artdığını və təxminən dörd ildir limfödemlə mübarizə apardığını bildirib.

O qeyd edib ki, xəstəlik gündəlik həyatını ciddi şəkildə məhdudlaşdırırdı:

“Demək olar ki, öz bədən çəkim qədər əlavə yük daşıyırdım. Pilləkən qalxarkən, yeriyərkən çətinlik çəkirdim. Küçədə bir neçə addım atdıqdan sonra yorulur və dincəlməyə məcbur qalırdım.”

Üç aylıq stasionar fiziki müalicədən sonra vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını deyən Şeker əlavə edib:

“Müalicənin sonunda xəstəliyin təsirləri təxminən yarıya qədər azalmışdı. Bu xəstəlik tamamilə yox olmur, lakin mümkün qədər minimum səviyyəyə endirilərək daha rahat həyat sürmək hədəflənir. Müalicədən sonra həyat keyfiyyətimin daha da yüksələcəyinə inanıram.”