- Reklama uymamalı, mütəxəssisin sertifikatını, doğrudan da bu işlə məşğul olduğunu araşdırmalıdırlar
Daha bir kosmetoloqun lisenziyasız fəaliyyət göstərdiyi aşkarlanıb və faktla bağlı hüquqi tədbir görülüb. Məlum olub ki, paytaxtın Zərgərpalan küçəsində fərdi evdə kosmetoloji xidmət göstərən Elnarə Fəxrəddin qızı Canlı lisenziya tələb olunan özəl tibb fəaliyyət növünü müvafiq lisenziya olmadan həyata keçirir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə araşdırma və plandankənar yoxlama həyata keçirilib və lisenziyasız özəl tibb (kosmetoloji) fəaliyyəti ilə məşğul olan bu fərdi sahibkar barəsində Baş Prokurorluğa müraciət edib. Aşkar edilmiş hüquq pozuntusu ilə əlaqədar fərdi sahibkar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 08.05.2025-ci il tarixli, MN 2156869 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, qanunvericiliyə uyğun olaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.
Artıq neçənci dəfədir ki, vətəndaşlar kosmetoloji, eləcə də plastik cərrahlardan şikayət edir, sağlamlıqlarının zədə aldığını deyir, məhkəmələrə müraciət edir, lakin yenə də özləini qurban verməkdən əl çəkmirlər. Heç olmasa, normal, lisenziyalı fəaliyyət göstərən, ixtsaslaşmış həkim-kosmetoloq, estetik cərrahlara müraciət etsələr barı. Amma yox. Kimsə birisindən həkim haqqında, klinika, kosmetoloji kabinet haqqında eşidir, yoxlamadan, əmin olmadan özünü qeyri-peşəkara etibar edir. Nəticə də ağır olur.
Plastik əməliyyatların fəsadları ilə bağlı “Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bu cür əməliyyatlar xəstənin öz arzusu ilə həyata keçirilir: 
- Xarici ölkələrdə də insanlar öz istəkləri ilə estetik əməliyyat olunurlar. Estetik əməliyyat funksional xarakter daşıyırsa, xəstə icbari tibbi sığorta çərçivəsində əməliyyat oluna bilər. Amma qalan situasiyalarda bu əməliyyat xəstənin öz vəsaiti hesabına fərdi şəkildə həyata keçirilir. Estetik əməliyyatların düzgün aparılmasına gəlincə isə buna müvafiq komissiya və mütəxəssislər nəzarət etməlidir. Çünki hər bir estetik əməliyyatın öz standartları var. Həmin standarta uyğun olaraq əməliyyat aparılır. Xəstə nəticədən razı da qala bilər və ya əksinə şikayət də edə bilər. Lakin müvafiq komissiya əməliyyatın estetik parametrlərə uyğun aparılmasını müəyyən edir. Digər bütün əməliyyatlarda olduğu kimi estetik əməliyyatlarda da ağırlaşma hallarının olması istisna deyil. Əvvəlcədən xəstəyə izah olunur, bəzi məqamlar onun diqqətinə çatdırılır. Xarici ölkələrdə estetik əməliyyatlara girən xəstələrlə mütləq psixoloqlar məşğul olur. Onlar əməliyyatın nə dərəcədə zəruri olduğunu xəstələrə başa salırlar. Bizdə isə belə deyil. Ölkəmizdə estetik əməliyyat az qala dəb yarışına çevrilib. Təbii ki, estetik əməliyyatlar kütləvi hal alanda fəsadların da olması qaçılmazdır. Əlbəttə, bu gün estetik əməliyyatlar reklam bazarında çox şişirdilmiş şəkildə ayrı- ayrı mütəxəssislər tərəfindən aparılır. Bəzən isə nəticə vətəndaşı qane etmir. Ümumiyyətlə, xəstələr diqqətli olmalıdırlar. Reklama uymamalı, mütəxəssisin sertifikatını, doğrudan da bu işlə məşğul olduğunu araşdırmalıdırlar. Səhiyyə Nazirliyi və digər qurumlar daha çox insanların sağlamlıqları ilə bağlı olan xəstəliklərlə məşğuldurlar. Bununla belə, Analitik Ekspertiza Mərkəzi yoxlamalar aparır, lisenziyası olmayanların fəaliyyəti dayandırlır. Amma yenə də bu şəxslər müxtəlif kliniklarda, şəxsi kabinetlərdə fəaliyyət göstərməyə başlayırlar. Ona görə də vətəndaşlar diqqətli olmalı, həkimin ixtisaslaşmış olub-olmadığını, bu işə icazəsi var, yoxdur, öyrənməlidirlər. Estetik əməliyyatlar şəxsin öz arzusu ilə həyata keçirildiyi üçün məsuliyyət daha çox pasiyentlərin üzərinə düşür.