Günəş yanığından 3 gün sonra yaranır: "Cəhənnəm qaşınması"na diqqət!

Günəş yanığından 1-3 gün sonra başlayan şiddətli qaşınma nadir hallarda rast gəlinən və xalq arasında "cəhənnəm qaşınması" adlandırılan reaksiyanın əlaməti ola bilər.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyəli təcili yardım həkimi Halil İbrahim Ak məlumat verib.

Onun sözlərinə görə, bu vəziyyət adi günəş yanığı zamanı yaranan yüngül qaşınmadan fərqlənir. Qaşınma dərinin dərin qatlarında hiss olunur və xəstələr onu sancma, yanma və ya iynə batması kimi təsvir edirlər. Güclü qaşınma gündəlik fəaliyyətə və yuxuya ciddi təsir göstərə bilər.

Həkim bildirib ki, günəşin ultrabənövşəyi şüaları dəri hüceyrələri ilə yanaşı sinir uclarını da zədələyə bilər. Nəticədə iltihab prosesi və sinirlərin həddindən artıq həssaslaşması güclü qaşınmaya səbəb olur.

Mütəxəssis qeyd edib ki, bəzi hallarda duş qəbul etmək, küləyə məruz qalmaq və ya müxtəlif dəri vasitələrindən istifadə narahatlığı daha da artıra bilər. O, həmçinin dərini qaşımağın qıcıqlanmanı gücləndirdiyini və infeksiya riskini artırdığını vurğulayıb.

Həkimin sözlərinə görə, qaşınma ilə yanaşı yüksək hərarət, başgicəllənmə, ürəkbulanma, qusma, geniş sahəli suluqlar və ya ümumi vəziyyətin pisləşməsi müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.

Mütəxəssislər günəş yanığının qarşısını almaq üçün günün ən isti saatlarında birbaşa günəş şüalarından uzaq durmağı, günəşdən qoruyucu vasitələrdən istifadə etməyi, qoruyucu geyim və papaq taxmağı, həmçinin kifayət qədər maye qəbul etməyi tövsiyə edirlər.