Hamiləlikdə vurulan vaksinin dölə zərəri varmı? – Həkimdən izah 

Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanları əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Bu ilin yanvar ayından başlayaraq ölkə ərazisində vaksinasiya prosesi davam edir.

Koronavirus əleyhinə vaksinə görə əks göstəriş sertifikatının kimlərə veriləcəyi geniş müzakirə mövzusuna çevrilib. Ən çox müzakirə olunan mövzulardan biri isə hamilə qadınlara vaksinin mənfi təsirinin olub-olmamasıdır.



Hamilə qadınlara vaksinin hansısa mənfi təsirlərinin olmadığını deyən cərrah mama-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a bildirib ki, bununla bağlı 2232 hamilə qadın üzərində yeni araşdırma aparılıb:

“Həmin qadınları vaksin olanlar və olmayanlar kimi 2 qrupa bölüblər. Məlum olub ki, vaksin vurduran hamilələrdə hansısa ağırlaşma olmayıb və koronavirusa yoluxmaları daha azdır. Araşdırma onu göstərir ki, hamiləlikdə vurulan vaksinin dölə hansısa zərəri yoxdur. Xüsusilə, ölkəmizdə “Delta” ştammı sürətlə yayılır.

Nəzərə alsaq ki, koronavirusun bu növü daha təhlükəlidir və hamilələr də bu ştamma tez yoluxa bilərlər. Deyilir ki, sentyabrın 1-dən hər kəs vaksin olunmalıdır, ancaq hamilələr istisnadır.

Lakin bütün xəstələrimə vaksin vurdurmaqlarını məsləhət görürəm. Təbii ki, bu istəklə bağlıdır, xəstəlikdən effektiv qorunmaq istəyirlərsə, vaksin olunsalar, daha yaxşıdır. Çünki  vaksinasiyanın uşağa və anaya hansısa zərərinin olmadığı sübut edilib”