Qrip halları artır: Kimlər peyvənd olunmalıdır?

Havaların soyuması ilə qrip, zökəm və soyuqdəymə kimi mövsümi xəstəliklərin yayılması artır. Həkimlər xüsusilə risk qrupuna daxil olan şəxsləri qripə qarşı peyvənd olunmağa çağırırlar.

Sherg.az xəbər verir ki, həkim Lale Dicle Güneş qripin bəzi insanlarda ağır keçə, xroniki xəstəlikləri kəskinləşdirə, pnevmoniyaya, xəstəxanaya yerləşdirilməyə və hətta ölümə səbəb ola biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, qrip peyvəndi ilk növbədə 65 yaşdan yuxarı şəxslərə, xroniki xəstəliyi olanlara, hamilələrə, immun sistemi zəifləmiş insanlara, səhiyyə işçilərinə və risk qrupuna daxil olan şəxslərlə yaxın təmasda olanlara tövsiyə edilir.

Həkim uşaqların da qripə qarşı peyvənd oluna biləcəyini, peyvəndin altı aylıqdan etibarən tətbiqinin mümkün olduğunu qeyd edib. Məktəblərin açılması ilə uşaqlar arasında yoluxma riskinin artdığına diqqət çəkib.

Qrip peyvəndi bütün infeksiyalardan qorumur

Lale Dicle Güneş bildirib ki, qrip peyvəndi digər mövsümi infeksiyalardan qorumur və təsiri həmin dövrdə yayılan qrip viruslarının ştammlarından asılıdır. Peyvənd yoluxma riskini tam aradan qaldırmasa da, xəstəliyin ağır keçməsi və pnevmoniya kimi fəsadların yaranması riskini azaltmağa kömək edə bilər.

Həkim peyvənd üçün ən uyğun dövrün sentyabr və oktyabr ayları olduğunu, peyvəndləmənin yanvar ayınadək davam etdirilə biləcəyini bildirib.

Qripdən qorunmaq üçün nə etməli?

Mütəxəssislər əlləri müntəzəm olaraq sabunla yumağı, qapalı və izdihamlı məkanlarda ehtiyatlı olmağı, xəstəlik əlamətləri olduqda başqaları ilə yaxın təması məhdudlaşdırmağı tövsiyə edirlər. Xəstəlik zamanı istirahət etmək və kifayət qədər maye qəbul etmək də vacibdir.

Antibiotiklər viruslara qarşı təsir göstərmədiyindən qripin müalicəsində həkim göstərişi olmadan istifadə edilməməlidir. Virusəleyhinə dərmanlar isə yalnız həkim məsləhəti ilə qəbul olunmalıdır.