Bədəndə yaranan qızartı, qaşınma və ya şişkinliyin hansı həşəratın dişləməsindən qaynaqlandığını müəyyən etmək sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər müxtəlif həşərat dişləmələrinin fərqli əlamətlərlə özünü göstərdiyini və onların vaxtında tanınmasının düzgün müalicə seçimi üçün vacib olduğunu bildirirlər.
Ən çox rast gəlinən dişləmələrdən biri ağcaqanad dişləməsidir. Bu zaman dəridə qaşınan, qırmızı və ya çəhrayı rəngli kiçik şişkinlik əmələ gəlir. Əksər hallarda zərərsiz olsa da, bəzi ağcaqanad növləri Qərbi Nil virusu, malyariya və digər təhlükəli xəstəlikləri ötürə bilər.

Taxtabiti dişləmələri isə adətən üç və ya daha çox qırmızı ləkənin bir xətt üzrə yerləşməsi ilə xarakterizə olunur. Bu dişləmələr bəzən bir neçə gün sonra özünü göstərir və güclü qaşınmaya səbəb ola bilər.
Mütəxəssislər zəhərli hörümçək dişləmələrinin xüsusilə təhlükəli olduğunu vurğulayırlar. Belə hallarda kəskin ağrı, nəfəs darlığı, əzələ spazmları və digər ciddi simptomlar yarana bilər. Bu əlamətlər müşahidə olunarsa, dərhal tibbi yardım almaq tövsiyə edilir.
Gənə dişləmələri də xüsusi risk daşıyır. Çünki gənələr müxtəlif infeksion xəstəliklərin daşıyıcısı ola bilər. Qızdırma, baş ağrısı, əzələ ağrıları və səpkilər gənə mənşəli infeksiyaların əsas əlamətləri hesab olunur.
Həkimlər bildirirlər ki, həşərat dişləmələrini düzgün tanımaq həm ev şəraitində ilkin tədbirlərin görülməsinə, həm də vaxtında tibbi yardıma müraciət edilməsinə kömək edir.