Meduzanın sancdığı nahiyə ilk növbədə duzlu su ilə yuyulmalı, dəridə qalan sancıcı hüceyrələr təmizlənməli və zərurət yaranarsa, həmin yerə buz qoyulmalıdır.
Sherg.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin Reabilitasiya və Kurortologiya Milli Tibb Tədqiqat Mərkəzinin "Vulan" sanatoriya-kompleksinin baş həkimi Yuri Bulatov RIA Novosti agentliyinə bildirib.
Onun sözlərinə görə, yanıq yeri şirin su ilə yuyulmamalıdır, çünki bu, əlamətləri daha da ağırlaşdıra bilər. Dəridə qalan sancıcı hüceyrələr plastik kart, pinset və ya sərt dəsmal vasitəsilə ehtiyatla təmizlənə bilər.
Həkim bildirib ki, güclü yanma hissi olduqda nazik parçaya bükülmüş buz tətbiq etmək, zərurət yaranarsa isə antihistamin preparatı qəbul etmək olar. Bundan əlavə, zədələnmiş nahiyəyə toxunmamaq, onu sürtməmək, bol su içmək və bir müddət birbaşa günəş şüalarından uzaq durmaq tövsiyə edilir.
Yuri Bulatovun sözlərinə görə, əksər hallarda əlamətlər bir neçə saat ərzində keçir. Lakin vəziyyət pisləşərsə və ya allergik reaksiya yaranarsa, dərhal həkimə müraciət etmək lazımdır.
Həkim həmçinin xatırladıb ki, zəhərli meduzalar öldükdən sonra belə təxminən bir ay ərzində sancma qabiliyyətini saxlaya bilir.