Həkim-terapevt: Ürək xəstəliklərinin artması yalnız həyat tərzi ilə bağlı deyil

Ürək-damar xəstəlikləri, infarkt, insultun yaşı daha da gəncləşir. Əgər illər öncə 50-60 yaşlı insanlarda infarkt, insult baş verirdisə, indi 20-40 yaşlılarda da bu kimi təhlükli hallar meydana gəlir. Son zamanlar tələbələr arasında, hətta məktəblilər arasında da qəfil ölüm halları haqqında xəbərlər yayılır. Mütəxəssislər “qəfil ölüm deyilən bir hal yoxdur”, bildirsələr də, gənc yaşda ölüm halları məhz bu cür adlandırılır. Halbuki müəxəssislərin də dediyi kimi ölümün konkret səbəbləri var. Və bu səbəblər arasında ürək-damar xəstəlikləri başlıca amil sayılır. 

ABŞ-də 1985-ci ildə başlanan uzunmüddətli CARDIA (Coronary Artery Risk Development in Young Adults) layihəsinin məlumatlarına əsaslanaraq yeni bir tədqiqat aparılıb. Araşdırmada 18-30 yaş arasında olan 5100-dən çox kişi və qadın iştirak edib. Araşdırma göstərir ki, kişilərdə risk artıq 35 yaşdan etibarən artmağa başlayır və bu proses qadınlarla müqayisədə təxminən on il daha erkən baş verir. Alimlər xüsusilə "erkən" ürək-damar hadisələrini, yəni 65 yaşdan əvvəl baş verən infarkt, insult və ürək çatışmazlığı kimi halları təhlil ediblər. Araşdırmanın nəticələri bir neçə vacib məqamı üzə çıxarıb. Bildirilib ki, risk fərqi artıq 35 yaşdan başlayır. Məhz bu yaşdan etibarən kişilər və qadınlar arasında ürək-damar xəstəlikləri riski statistik baxımdan əhəmiyyətli şəkildə fərqlənir. 50 yaşa qədər fərq daha da nəzərə çarpır. Məlumatlara görə, kişilərin təxminən 5 faizi artıq 50 yaşa qədər ürək-damar xəstəliyi ilə qarşılaşır. Qadınlarda isə eyni göstərici orta hesabla 57 yaşda müşahidə olunur, yəni təxminən 7 il gec. İşemik ürək xəstəlikləri və infarkt hallarında isə fərq daha böyükdür. Bu sahədə kişilər kritik risk səviyyəsinə qadınlardan təxminən 10 il əvvəl çatır.

Həkim-terapevt Şahvələd Məmmədov “Sheg.az”a açıqlamasında qeyd etdi ki, ürək xəstəliklərinin artması yalnız həyat tərzi ilə bağlı deyil. Burada genetik faktorlar, qan təzyiqi, xolesterin, qlükoza səviyyəsi, bədən çəkisi, siqaret çəkmə, fiziki aktivlik və qidalanma kimi amillər də nəzərə alınmalıdır: 

- Sağlam həyat tərzi dedikdə, biz adətən sağlam qidalanma, düzgün yuxu rejimi, fiziki aktivlik, hərəkətlilik, siqaret, alkoqol kimi zərərli vərdişlərdən uzaq durulması, artıq çəki probleminin olmamasını önə çəkirik. Amma gənclər arasında da, təəssüf ki infarkt, ürəyin işemik xəstəliklərinin artması baş verir. Baxırsan, cavandır, gəncdir, zərərli vərdişləri də yoxdur, amma “qəfil ölüm” baş verib. Deməli, burada digər faktorlar da var. Genetik faktorlar, hormonal fərqlər, iltihabi proseslər olub, insan bundan xəbərsiz yaşayıb, bu amil özünü biruzə verməyib, ya da ciddi yanaşılmayıb, damar biologiyası da rol oynaya bilər. Ailə üzvlərində, yaxın qohumlarda infarkt və ya digər ürək xəstəlikləri halları olubsa, vaxtaşırı tibb müayinələrdən keçilməli, profilaktik tədbirlər görülməlidir. Qan təzyiqi yoxlanmalıdır, xolesterinin səviyyəsi bilinməlidir, damar sərtliyi varmı, yoxlanmalıdır. Və bu kimi hallar aşkar edilirsə, mütləq uyğun müalicə almaq lazımdır. Müntəzəm müayinələr, balanslı qidalanma, fiziki aktivlik və sağlam həyat tərzi vacibdir.