Həkimlər narahatdır: Bağırsaq xərçəngi niyə gənclərdə artır?

Mütəxəssislər bildirir ki, əvvəllər əsasən 50 yaşdan yuxarı insanlarda rast gəlinən kolorektal xərçəng artıq gənclər arasında da sürətlə yayılır.

Sherg.az xəbər verir ki, Amerika Xərçəng Cəmiyyəti tərəfindən aparılan araşdırmaya görə, 20–49 yaş arası insanlarda bu xəstəlikdən ölüm halları ciddi şəkildə artır və hər il yeni diaqnozlar təxminən 3% yüksəlir. Bu artım təkcə ABŞ-da deyil, Böyük Britaniya, Kanada və Avstraliya kimi ölkələrdə də müşahidə olunur.

Mütəxəssislər qeyd edir ki, bu xəstəlik artıq yalnız yaşlılara aid risk sayılmır. Artımın əsas səbəbləri kimi qeyri-sağlam qidalanma, az lifli və çox yağlı pəhriz, işlənmiş ətlər, ətraf mühit amilləri və bağırsaq mikrobiomu göstərilir.

Araşdırmalara görə, bu tip qidalanma qəbizliyə səbəb olur, nəticədə zərərli maddələr bağırsaqda daha uzun qalır və hüceyrə DNT-sinə ziyan verə bilir.

Riskin azaldılması üçün:

liflə zəngin qidalar qəbul etmək

işlənmiş ətləri azaltmaq

sağlam və balanslı qidalanmaq

aktiv həyat tərzi sürmək

Mütəxəssislər erkən diaqnostikanın və profilaktikanın getdikcə daha vacib olduğunu vurğulayır.