- Çikaqo və Harvard Universitetlərinin alimləri isə əksini düşünür
- Məlum olub ki, İctimai nəqliyyatda, kafedə və ya gözləmə zalında qısa söhbətlər edən insanlar özlərini daha xoşbəxt hiss edir və stress səviyyələri azalır
Son illər insanlar gündəlik həyatda əvvəlki illərlə müqayisədə daha az danışır və daha az söz işlədir. Mütəxəssislər bunun əsas səbəbləri kimi smartfonlardan istifadənin artması, məsafədən iş rejimi və rəqəmsal ünsiyyətin geniş yayılmasını göstərirlər.
Sherg.az xəbər verir ki, amerikalı tədqiqatçı Daniel Koksun istinad etdiyi araşdırmaya görə, 2005–2019-cu illər arasında ABŞ sakinləri hər il əvvəlki illə müqayisədə orta hesabla 330 söz az işlədiblər. Gündəlik danışıqda istifadə olunan sözlərin sayı isə 16 min 600-dən 12 minə enib.
Araşdırmada qeyd olunur ki, mesajlaşma tətbiqləri və emojilər şifahi ünsiyyəti əvəz etdikcə insanlar daha az söhbət edir. Mütəxəssislər bunun cəmiyyətin tənhalaşmasına da təsir göstərdiyini bildirirlər.
Çikaqo Universiteti və Harvard Universitetinin alimləri vurğulayırlar ki, insanların əksəriyyəti tanımadığı şəxslərlə söhbətin narahatlıq yaradacağını düşünsə də, araşdırmalar əksini göstərir. İctimai nəqliyyatda, kafedə və ya gözləmə zalında qısa söhbətlər edən insanların özlərini daha xoşbəxt hiss etdikləri və stress səviyyələrinin azaldığı müəyyən olunub.
Tədqiqatçılar hesab edirlər ki, hətta qısa salamlaşma, təşəkkür və ya xoş sözlər belə insanların psixoloji rifahına müsbət təsir göstərir və cəmiyyətdə sosial bağlılığı gücləndirir.