Hər kim yoluxsa, günah onun özündədir – Məsuliyyətli olaq!

Son zamanlar koronavirus xəstələrinin yaşadığı ünvanı tərk etməsi ənənəvi hal alıb. Ölkəmizdə pandemiya ilə bağlı durum ürəkaçan deyil. Koronavirusa yoluxmuş, müalicəsi davam edən vətəndaşlar karantin qaydalarını pozaraq küçəyə, ictimaiyyət arasına çıxırlar və bununla da virusun daha geniş yayılmasına şərait yaradırlar. Məsələn, avqustun 23-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Mövzu barədə fikirlərini “Sherg.az”la bölüşən tibb elmləri üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, Azərbaycanda koronavirusla bağlı mövcud durum gərginləşdiyindən tibb işçilərinin də yükü artıb:

“Yoluxma sayının artmasında vətəndaş məsuliyyətsizliyi var. Bir var ki, hansısa hadisə insanların özündən asılı olmayan səbəblərdən yaranır. Bir də var ki, neqativ halların baş verməsinin əsl səbəbkarı elə insanların özləridir. Əvvəlki zamanlarda olduğu kimi yenə də əhali arasında xəstəliyə inamsızlıq, baş verənləri ciddiyə almama, vaksinasiyaya qarşı etibarsızlıq höküm sürür. Həmçinin vaksin olunan şəxslərdə müəyyən arxayınlıq var. Düşünürlər ki, “artıq vaksin vurduruşam, istədiyim kimi hərəkət edə bilərəm”.

Xəstəliyi yüngül keçirən insanlar evdə müalicə alırlar. Onlar unudurlar ki, 14 gün ərzində karantin rejimində olmalı və evdən çölə çıxmalı deyillər. Təəssüf ki, xəstəliyi yüngül keçirənlərin böyük əksəriyyəti küçələrdə, market və ictimai nəqliyyatlarda olur. Birdəfəlik dərk etmək lazımdır ki, bu xəstəlik artıq milli məsələmizə çevrilib. Hər kəs maksimum şəkildə diqqətli və məsuliyyətli olmalıdır”.

Həkim təəssüflə qeyd edib ki, hələ də insanların çox olduğu yerlərdə maskadan istifadə etməyənlər var:

“Həmin şəxslər marketə, ictimai nəqliyyata və.s yerlərə daxil olurlar. Belə olan halda maska taxmayan şəxs yüzlərlə insanı yoluxdurur. Özü virusa yoluxub deyə düşünür ki, təkrarən xəsətliyi keçirə bilməz. Bu, çox ciddi məsələdir. Vətəndaşların maksimum diqqətli olması lazımdır. O zaman bu bəladan yan keçə bilərik”.