Mütəxəssislər hesab edirlər ki, müasir cəmiyyətin gəncliyə həddindən artıq önəm verməsi insanların yaşlanmaq qorxusunu daha da gücləndirir. Psixoloqlar isə bu prosesi təbii qəbul etməyin ruh sağlamlığı üçün vacib olduğunu bildirirlər.
Sherg.az xəbər verir ki, yaşlanmaq qorxusu - geraskofobiya fiziki zəifləmə, müstəqilliyin itirilməsi, cəmiyyətdə görünməz olmaq hissi və ölüm qorxusu ilə əlaqələndirilir. Ekspertlərin fikrincə, sosial media və gözəllik standartları da insanların daim gənc görünmək istəyini artıraraq bu narahatlığı dərinləşdirir.
Psixoloqlar qeyd edirlər ki, yaş artdıqca insanlar yalnız xarici görünüşdəki dəyişikliklərdən deyil, həm də əvvəlki imkanlarını itirmək, yaxınlarına yük olmaq və həyata keçirə bilmədikləri arzularla bağlı peşmanlıq hissindən narahat olurlar.
Mütəxəssislər yaşlanmaq qorxusunun öhdəsindən gəlmək üçün yaxın münasibətləri möhkəmləndirməyi, sağlam həyat tərzi sürməyi, yeni bilik və bacarıqlar qazanmağı, həmçinin sosial mediada insanı mənfi təsirləndirən məzmunu məhdudlaşdırmağı tövsiyə edirlər.
Onların sözlərinə görə, yaşlanmanı həyatın təbii mərhələsi kimi qəbul etmək və diqqəti xarici görünüşdən çox fiziki, psixoloji və sosial rifaha yönəltmək bu qorxunu azaltmağa kömək edir.