ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) yaşlanma biologiyası sahəsində mühüm addım atıb. Qurum hüceyrə yaşlanmasının qarşısını almağı hədəfləyən yeni gen terapiyasının insanlar üzərində ilk klinik sınağına icazə verib. “Life Biosciences” tərəfindən hazırlanmış ER-100 adlı terapiya hüceyrələri daha gənc və funksional vəziyyətə qaytarmaq üsuluna əsaslanır.
Mütəxəssislərin sözlərinə görə, bu elmi yenilik hüceyrələri tam şəkildə kök hüceyrəyə çevirmədən daha gənc vəziyyətə qaytarır. Texnologiya Nobel mükafatı laureatı Shinya Yamanakanın hüceyrələrin yenidən proqramlaşdırılması ilə bağlı araşdırmalarından ilham alıb.
İlk klinik mərhələdə terapiya əsasən yaşa bağlı göz xəstəlikləri və optik sinir zədələnmələri olan pasiyentlər üzərində sınaqdan keçiriləcək. Tədqiqatçılar preparatın təhlükəsizliyini və insan orqanizmində effektivliyini qiymətləndirəcək.
Alimlər hesab edir ki, ER-100 uğurlu nəticə verərsə, bu yanaşma gələcəkdə yalnız görmə problemlərinin deyil, bir çox yaşla bağlı xəstəliklərin müalicəsində yeni dövrün başlanğıcı ola bilər.
Saglamolun.Az