İqlim böhranı: Atmosferdəki karbon artımı sümükləri zəiflədir

İqlim dəyişikliklərinin insan sağlamlığına təsiri ilə bağlı aparılan yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Alimlərin fikrincə, atmosferdə karbon qazının artması insan skelet sisteminin zəifləməsinə səbəb olur.

Sherg.az xəbər verir ki, araşdırmanın nəticələri “Air Quality, Atmosphere & Health” jurnalında dərc olunub. Tədqiqat göstərir ki, atmosferdə karbon qazının konsentrasiyasının yüksəlməsi insan sümüklərinin daha sürətlə zəifləməsinə gətirib çıxarır.

Avstraliyalı tədqiqatçılar Aleksandr Larkomb və Fil Biervirt 1999–2020-ci illər arasında ABŞ-da yaşayan yetkin insanların qan analizlərini araşdırıblar. Məlum olub ki, bu 20 il ərzində qanda karbon qazının əlavə məhsulu olan bikarbonatın səviyyəsi təxminən 7 faiz artıb. Bu artım atmosferdə karbon qazının yüksəlməsi ilə birbaşa əlaqəlidir.

Araşdırma zamanı qanda bikarbonat səviyyəsi artdıqca, sümük sağlamlığı üçün vacib olan kalsium və fosfor səviyyələrinin azaldığı müşahidə edilib. Alimlərin sözlərinə görə, qanda karbon konsentrasiyası normadan artıq olduqda orqanizm tarazlığı bərpa etmək üçün sümüklərdəki kalsium və fosforu istifadə edir və bununla daha çox karbon qazını udmağa çalışır.

Normal şəraitdə sümüklər bu maddələri bir neçə həftə ərzində yenidən bərpa edə bilir. Lakin karbon səviyyəsinin yüksək olması artıq “yeni normal”a çevrildiyindən bədən itirilmiş kalsiumu tam şəkildə bərpa edə bilmir və nəticədə mineral itkisi yaranır.

Tədqiqatçılar bildirirlər ki, insan fiziologiyası təkamülün böyük hissəsində sabit karbon qazı səviyyəsinə uyğunlaşmışdı. Lakin son 25 ildə hava çirkliliyinin artması bu balansı dəyişdirir və sümükləri yeni şəraitə uyğunlaşmağa məcbur edir.

Alimlərin xəbərdarlığına görə, mövcud tendensiya davam edərsə, növbəti 50 il ərzində karbon səviyyəsi sağlam hesab edilən həddin ən yüksək nöqtəsinə çata bilər. Bu halda kalsium və fosfor səviyyəsi qəbul edilən minimum həddən də aşağı düşə bilər.

Mütəxəssislər bildirirlər ki, bu prosesin uzunmüddətli təsirləri hələ tam öyrənilməsə də, skelet sisteminin zəifləməsi ilə bağlı risklərin ciddi şəkildə nəzərə alınması vacibdir.