Kalsiumun nəzarətsiz qəbulu ürək xəstəlikləri riskini artırır - Həkimdən xəbərdarlıq

Kalsium preparatlarının həkim məsləhəti olmadan qəbul edilməsi sağlamlıq üçün ciddi risklər yarada bilər.

Sherg.az xəbər verir ki, stomatoloq Maksim Labuxinin sözlərinə görə, kalsium əlavələri saçların, dişlərin və dırnaqların vəziyyətini düşündüyü kimi yaxşılaşdırmır.

Mütəxəssis bildirib ki, diş minasının formalaşması 13-15 yaşlarında tamamlanır və bu mərhələdən sonra qəbul edilən kalsium diş minasını möhkəmləndirmir. Onun sözlərinə görə, dişlərin qorunması üçün flüor tərkibli diş pastalarından istifadə daha faydalıdır.

Həkim qeyd edib ki, kalsium preparatlarının nəzarətsiz qəbulu qanda kalsium səviyyəsini müvəqqəti yüksəldə bilər. Uzunmüddətli istifadə isə ürək-damar xəstəlikləri riskini 20–30 faiz, böyrək daşlarının yaranma riskini isə təxminən 20 faiz artıra bilər.

Mütəxəssislər bioloji aktiv əlavələrin yalnız həkim tövsiyəsi ilə qəbul edilməsini məsləhət görürlər.