Keçməyən ayaq şişkinliyi ürək çatışmazlığının xəbərçisidir

Yay aylarında isti havanın təsiri ilə tez-tez rast gəlinən ayaq və ayaq biləyi şişkinlikləri hər zaman müvəqqəti olmur.

Uzun müddət davam edən, hər iki ayaqda müşahidə olunan və barmaqla basdıqda çökəklik yaradan ödemlər, xüsusilə ürək çatışmazlığı olmaqla, müxtəlif sistemik xəstəliklərin əlamətidir.

Sherg.az xəbər verir ki, Trakya Universiteti Tibb Fakültəsi Kardiologiya kafedrasının müdiri professor Servet Altay xüsusilə yay aylarında müşahidə olunan ayaq və ayaq biləyi şişkinliklərinin isti hava ilə əlaqələndirilərək diqqətdən kənarda saxlanılmamalı olduğunu bildirib.

Altay ürək mənşəli ödemlərin bəzi xüsusiyyətləri ilə digər şişkinliklərdən fərqləndiyini deyib:

“Uzun müddət keçməyən, hər iki ayaqda yaranan və barmaqla basdıqda çökəklik buraxan ödemlər ürək çatışmazlığının əlaməti ola bilər. Ürək çatışmazlığı sistemik xəstəlik olduğu üçün adətən bir tərəfdə deyil, hər iki ayaqda ödem yaradır. Bu ödemlər gün ərzində artır, gecə uzanarkən azalır və barmaqla basdıqda çökəklik yaradır”.

Ürək çatışmazlığının hər zaman nəfəs darlığı ilə özünü göstərmədiyini vurğulayan Altay bildirib ki, sağ və sol ürək çatışmazlığının əlamətləri fərqli olur.

“Sol ürək çatışmazlığında daha çox nəfəs darlığı müşahidə edilərkən, sağ ürək çatışmazlığında qarında şişkinlik və ayaq ödemləri ön planda olur. Buna görə də nəfəs darlığı olmayan şəxsdə də ürək çatışmazlığı müşahidə edilə bilər”, - deyə o bildirib.

Altay ayaq və baldır şişkinliyinin yalnız ürək xəstəliklərindən qaynaqlanmadığını qeyd edib. Onun sözlərinə görə, böyrək və qaraciyər xəstəlikləri, qalxanabənzər vəzinin funksiyalarının pozulması, venoz və limfa dövranı problemləri, zülal itkisinə səbəb olan xəstəliklər, həddindən artıq duz qəbulu və bəzi təzyiq dərmanları da ödemə səbəb olur.

Bir ayaqda və hər iki ayaqda yaranan şişkinliklərin fərqli səbəblərdən qaynaqlana biləcəyini bildirən Altay deyib:

“Bir tərəfli ödemlər daha çox venoz, limfa dövranı və ya arterial xəstəlikləri, ikitərəfli ödemlər isə ürək, böyrək, qaraciyər və hormonal xəstəliklər kimi sistemik problemləri düşündürür”.

Keçməyən ayaq şişkinliyi olan şəxslərin mütləq həkim tərəfindən müayinə edilməli olduğunu bildirən Altay, fiziki müayinədən sonra xəstənin vəziyyətindən asılı olaraq exokardioqrafiya, qan analizləri, böyrək və qaraciyər funksiyası testləri, hormonal müayinələr və zərurət yarandıqda damarların ultrasəs müayinəsinin aparıla biləcəyini qeyd edib.

Baldır şişkinliyi ilə yanaşı nəfəs darlığı, sinə ağrısı, ürəkdöyünmə və ya huş itirmə kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən tibb müəssisəsinə müraciət edilməli olduğunu vurğulayan Altay, bir tərəfli şişkinliyə ağrı və qızartının da əlavə olunması halında damarda laxtalanmanın ola biləcəyini və təcili müayinə tələb olunduğunu bildirib.

Uzun müddət davam edən və ya təkrarlanan ayaq biləyi şişkinliklərinin diqqətdən kənarda saxlanılmamalı olduğunu deyən Altay qeyd edib:

“Ayaq biləyi şişkinlikləri sistemik xəstəliklərin göstəricisi ola bilər. Buna ciddi yanaşmaq və mütləq həkimə müraciət etmək lazımdır. Çox qısa müddətli ödemlərdə problem olmaya bilər. Lakin təkrarlanan və uzun müddət davam edən ayaq ödemlərində, xüsusilə kardiologiya başda olmaqla, lazımi müayinələr aparılmalıdır”.